Aprel döyüşləri ilə əlaqədar açıq dərs keçirildi

Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 04 aprel 2017-ci il tarixində aprel döyüşlərinin ildönümünə həsr olunmuş açıq dərs keçirildi. Açıq dərsi məktəbin hərbi rəhbəri Azər Xankişiyev keçdi. Açıq dərsdə məktəbin direktoru Zemfira Məsiyeva, "Təhsil Problemləri " qəzetinin şöbə müdiri Hüsniyyə Zülfüqarqızı, məktəbin tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tarix müəllimi Həcər Əlişova, dil-ədəbiyyat müəllimi Arifə Əsgərova iştirak edirdilər. Açıq dərs Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başladı. Sonra şagirdlər hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin uğurları barədə məlumatlar verdilər. Şagirdlərin vətənpərvər ruhda çıxışları tədbir iştirakçılarını duyğulandırdı. Açıq dərsin sonunda məktəbin direktoru çıxış edərək şagirdləri vətənpərvər ruhda böyüməyi, tariximizi unutmamağı, Vətəni sevməyi, onun hər qarışı uğrunda mübarizə aparmağı tövsiyyə etdi. O, çıxışının sonunda qeyd etdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında bütün torpaqlarımızı son qarışa qədər azad edəcək və bu tarixi qələbənin çox da uzaqda olmadığını vurğuladı. Aprel döyüşlərinə həsr olunmuş açıq dərs haqqında məqalə "Təhsil problemləri" qəzetində dərc olunacaq.