Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "açıq dərs" keçirildi
1998 – ci il martın 26 – da ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları tarixin yaddaşında saxlamaq üçün xüsusi fərman verdi. Bu fərmanla 31 Mart Azərbaycalıların Soyqırımı Günü elan edildi. 30.03.2017 – ci il tarixində Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 5 c sinfində məktəbin tarix müəllimi Həcər Əlişovanın təşkilatçılığı ilə Azərbaycan tarixi dərsində 31 Mart Azərbaycalıların Soyqırımı Gününə həsr olunmuş açıq dərs keçirildi. "Açıq dərs"in keçirilməsində məqsəd Azərbaycan xalqının başına gətirilən soyqırımları, faciəvi hadisələri, tariximizi bir daha xatırlatmaq, soyqırım haqqında yeni məlumatlar vermək, bu hadisələri şagirdlərin yaddaşına həkk etmək, hadisələrlə bağlı onların fikirlərini öyrənmək, eyni zamanda şagirdlərdə vətənpərvərlik hissini bir daha dərindən aşılamaq olmuşdur. Açıq dərs 31 Mart Azərbaycalıların Soyqırımı Günü həlak olmuş, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlamışdır. Şagirdlər hazırladıqları divar qəzetləri, rəsmlər, esselər və digər əyani vəsaitlərə əsaslanaraq mövzu ətrafında mülahizələr yürütmüş, soyqırım ilə əlaqədar öz fikirlərini əsaslandırmağa çalışmışlar. Açıq dərs şagirdlərlə müzakirə və fikir mübadiləsi şəklində keçirildi. Açıq dərsin sonunda məktəbin direktoru Zemfira Məsiyeva soyqırım ilə əlaqədar şagirdlərin hazırladıqları guşəyə baxdı, dərsin keçirilməsi ilə bağlı öz fikirlərini bildirdi. Sonda şagirdlərə Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyə etdi.