Böyük Zəfərə gedən yolun son addımları - Tovuz döyüşləri

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan hərbi əməliyyatlardan biri də Tovuz döyüşləridir. Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərinin başlamasından üç il ötür. Ümumiyyətlə, Ordumuz Zəfərə gedən yolu 2016-cı il şanlı Aprel döyüşlərində, 2018-ci il uğurlu Günnüt əməliyyatında, 2020-ci il Tovuz döyüşlərində addım-addım qət edib. Tovuz döyüşləri ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti çirkin niyyətini öz başında çatladan uğurlu əməliyyatlardan biri kimi tarixə düşdü. Belə ki, Ermənistanın diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını aldı.

Döyüşlərin birinci günündə - 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb. Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı itki verib.

İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açıb. Düşmənin bu təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bölmələrimizin endirdiyi sarsıdıcı zərbələr nəticəsində düşmən xeyli itki verib.

İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərən qarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Düşmən itkiləri barədə məlumatları gizlədib. Azərbaycan tərəfi isə heç bir ərazi itkisi verməyib. Döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhid zirvəsinə ucalıb. Ordumuzun bölmələri şəhidlərimizin qanını yerdə qoymayıblar. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutublar. Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirilib. Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı atəş zərbələri endirilib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı böyük itki verən düşmən geri çəkilib.

İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. Bu, Silahlı Qüvvələrimizin general və digər yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib. Həmin gün bu istiqamətdə ağır döyüşlər gedib. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Bu hadisələrdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verib. Ali Baş Komandan həmin günlər deyib: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”. Ölkə rəhbəri Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırıb və ölkəmizin ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə edib.

Eyni gün düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edib. Azərbaycan Ordusu şəhidlərimizin qisasını tezliklə alıb. Bu dəfə də vəziyyət gərginləşdikdə qarşı tərəf dərhal yaşayış məntəqələrimizə atəş açmağa başlayıb. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində rayonun Ağdam kənd sakini həlak olub. Ermənistan hərbi birləşmələrinə məxsus pilotsuz uçuş aparatı vurulduqdan sonra düşmənin atəş mövqeyindəki artilleriya qurğusu bölmələrimizin sərrast atəşi ilə yerlə-yeksan edilib. Həmçinin düşmənin döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə onun artilleriya divizionunun idarəetmə məntəqəsi Milli Ordumuzun bölmələrinin dəqiq atəşi ilə sıradan çıxarılıb.

Bir gün sonra görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyün dayaq məntəqəsi məhv edilib. Düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə edərək atəş açsa da, cavab tədbirləri ilə susdurulub. Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə məruz qoyan qarşı tərəfin bölmələrinin uzunmüddətli atəş nöqtələri və dayaq məntəqəsi darmadağın edilib.

Tovuz döyüşlərinin əhəmiyyəti Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın düşmənə qarşı qəhrəmancasına döyüşən Ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.

İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin qarşı tərəf yenə cavab atəşi ilə susdurulub.
İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edib.

Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir nümunəsi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikaları sıradan çıxarılıb. Xalq bu döyüşlər zamanı şəhid olan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb.

2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra Ordumuz, xalqımız üçün həlledici olan haqq savaşı başladı. Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Otuz illik əsarət dünyanın diqqətini cəlb edən möhtəşəm hərbi əməliyyatlarla sona yetdi. Sıravi əsgərdən yüksəkrütbəli zabitə kimi hər bir hərbi qulluqçumuz misilsiz şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr vurdu. Qəhrəman əsgər və zabitlərimiz başımıza gətirilən faciələrin, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların qisasını döyüş meydanında alaraq möhtəşəm Qələbə qazandı, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar. Şəhidlərimizin əziz xatirəsi daim hər bir azərbaycanlının qəlbində yaşayacaq, onların dillərə dastan olan qəhrəmanlığı əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçəcək.

Qədirbilən xalqımız, dövlətimiz qazilərimizi, şəhidlərimizin əmanətini unutmur, onlara dəstəyini ifadə edir. Hazırda qazilərimiz, şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Onların sosial rifahının yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər görülür.

Bir sözlə, Tovuz döyüşləri Azərbaycan Ordusunun tarixi Qələbəsinin, Ermənistan silahlı qüvvələrinin biabırçı məğlubiyyətinin carçılarından idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi