Şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunmuşdur
Qanlı Yanvar faciəsinin iyirmi yeddinci il dönümü ilə əlaqədar olaraq 21 yanvar 2017 -ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin ibidai sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunmuşdur. Ziyarətin təşkil olunmasında məqsəd şagirdlərdə Vətənə məhəbbət və vətənpərvərlik hissi aşılamaq, onlara 20 Yanvar həqiqətlərini daha dərindən çatdırmaq olmuşdur. Məktəbin ibtidai sinif müəllimləri Rəmziyyə Həbilova və Məhəbbət Xudiyeva şagirdlərə faciə barədə məlumat verərərək bildirmişlər ki, 20 Yanvar - Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənən xalq Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirmişdir. 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusu silahsız xalq kütlələrinə qarşı Bakı şəhərinə ordu yeritmiş, nəticədə Azərbaycanda misli görünməmiş faciə baş vermişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Qədirbilən xalqımız şəhidlərin xatirəsini əbədiləşdirmək üçün and yerimiz olan Şəhidlər xiyabanını yaratmışdır. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.