Məktəbdə “20 Yanvar - qan yaddaşımızdır !” adlı tədbir keçirilmişdir
19 yanvar 2017 -ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “20 Yanvar - qan yaddaşımızdır” adlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət və vətənpərvərlik hissi aşılamaq olmuşdur. Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanmışdır. Sonra şagirdlər xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova 1990-cı il Qanlı 20 Yanvar hadisələri haqqında qısa məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılarDaha sonra şagirdlər 20 Yanvar faciəsi, şəhidlərə, vətənpərvərliyə həsr olunmuş şerlər söyləmiş, mahnılar ifa etmiş və faciyəyə aid səhnəciklər göstərmişlər. Tədbirə məktəbin direktoru Telman Qardaşov yekun vuraraq bildirmişdir ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi, Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. İlk dəfə Moskvada ümummilli lider Heydər Əliyev bu qırğına öz etirazını bildirmişdir. İkinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həmin hadisələrə hüquqi - siyasi qiyməti vermişdir. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.