Narkomaniyaya yox deyək
9 aprel 2015-cu il tarixində məktəbimizdə “Narkomaniya Bəşəriyyətin Faciəsidir” mövzusunda tədbir keçirilmişdir. Tədbir Xətai Rayonu Polis İdarəsinin təşəbbüsünə əsasən təşkil olunmuşdur. Tədbirdə Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev və bir qrup polis əməkdaşları iştirak edirdi. Digər qonaqlarımız Narkoloji Dispanserin həkimi Məmmədova Afət xanım və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Məhərrəmov Telman müəllim idi. Tədbiri məktəbimizin direktoru Rövşən Qasımov çıxış sözləri ilə açıq elan etdi. Belə bir tədbirin məktəbimizdə keçirilməsinin şagirdlərin həyatında böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Sonra söz çıxış üçün polis polkovniki Muradəli Babayevə verildi. Muradəli müəllim bütün məktəb kollektivinə öz dərin təşəkkürünü bildirdi, onlara öz işlərində daima müvəffəqiyyətlər arzuladı. Narkomaniyanın fəsadları haqqında geniş izahatlar verdi. Şagirdlərin verdiyi sualları dinləyərək öz fikirlərini bildirdi. Narkoloji Dispanserin həkimi Məmmədova Afət və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Məhərrəmov Telman şagirdlərə narkomaniyanın törətdiyi ağır fəsadlar haqqında məlumat verdilər. Eyni zamanda şagirdlərin suallarını cavablandırdılar. Sonda məktəbimizin direktoru Rövşən Qasımov çıxış edərək Xətai Rayonu Polis İdarəsinin rəisi Muradəli Babayevi bu tədbirdə şəxsən iştirak etdiyinə və tədbirin əhəmiyyətinə diqqət çəkərək minnətdarlığını bildirdi.