Sağlam və rasional qidalanma
Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Sağlam qidalanmaq barədə xüsusilə təbii gigiyena ilə məşğul olan həkim və mütəxəssislərin mövqeləri maraq doğurur.
Hər gün 2-3 litr çiy su içməyə vərdiş etmək, ilk ayda hər yarım saatdan bir 30 qram çiy su içmək uğurlu müalicə üsulu sayılır.
Orqanizmdə qızdırma, ağrı, zehni və fiziki halsızlıq olanda, yorğunluq və əsəb zamanı qidadan imtina etmək, yalnız aclıq hiss edəndə yemək, yeməkdən 10-15 dəqiqə əvvəl 1 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum içməyi həyat normasına çevirmək lazımdır.
Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil, çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək daha yaxşıdır.
Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin fəaliyyətini zəiflədir. Normal hərarətə çatana qədər mədə enzim ifraz etmədiyinə görə divarı zədələnir. Dondurma yemək mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir təəssürat bağışlayır.
Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur.
Səhər yeməyinə şirəli meyvələrdən başlamaq, ona 2-3 ədəd qoz ləpəsi, yaxud 5-6 fındıq əlavə etmək faydalıdır. Qışda çiy meyvələr əvəzinə quru meyvələrdən istifadə etmək olar. Konservləşdirilmiş, duza qoyulmuş və bişirilmiş meyvə və tərəvəzin orqanizmə heç bir faydası yoxdur.
Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək, gündə üç dəfə qida qəbul etdikdə iki dəfə salat yemək, salatı 4-5 növ çiy tərəvəzdən hazırlamaq faydalıdır. Kök, kələm, pomidor, cəfəri, sarımsaq, çuğundur və yarpağından istifadə etmək daha yaxşıdır. Baş soğanın qidada çox olması, göy soğana üstünlük vermək daha faydalıdır.
Yağlardan mümkün qədər az istifadə etmək; istər kərə, istərsə də bitki yağı və qaymaq həzmolunmanı ləngidir, mədə-bağırsaq sisteminin işini pozur. Evdar qadınlar xörək tam hazır olanda çiy şəkildə yağ əlavə etməli, xörək bişərkən qazana 1-2 növ məhsul tökərək mümkün qədər az qaynatmalıdırlar.
Bişmiş xörəkdən imtina edə bilmədikdə onunla bərabər salat yemək, təzə şirələr – itburnu, moruq və qara qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir. Çiy qida bişmiş xörəkdən üç dəfə çox olmalıdır.
Qidaları mümkün qədər çox çeynəyəndə və ağız şirəsi ilə isladanda yaxşı həzm olur, nəticədə orqanizm həzmolma prosesinə az enerji sərf edir. Qidanın həcm və çəkisini 1,5-2 dəfə azaltmaqla daha çox fayda görmək olar.