Ulu Öndər Heydər Əliyevin anım günü məktəbdə qeyd edilib
12 dekabr 2016 –cı il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib. Tədbir iştirakçıları rayondakı Heydər Əliyev parkına gedərək Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə çələng və gül dəstələri düzüblər. Sonra məktəbin akt zalında “Heydər Əliyev ümummilli liderimizdir” mövzusunda tədbir keçirilib. Məktəbin tarix müəllimi Həcər Əlişova dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Əsası ulu öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məktəbin 10a sinif şagirdi Zakir Şahmalıyev Ümummilli Lider Heydər Əliyevin təhsilə və gənclərə verdiyi önəmdən, digər misilsiz xidmətlərindən danışdı. Sonda məktəbin direktoru Telman Qardaşov Heydər Əliyev barədə xatirələrindən danışdı və bildirdi ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini qətiyyətlə möhkəmləndirir. Tədbirdə həmçinin məktəbin informatika müəllimi Kənan İsmayılovun ulu öndərin həyat və fəaliyyətindən bəhs edən təqdimatı nümayiş olunub.