Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Zəlimxan Yaqubun “Qara xəbərin acısı” adlı şeirini dəyirmi masa ətrafında təhlil etdilər
09.12.2022-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzərova Vəfa 5a sinfi ilə bərabər Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Zəlimxan Yaqubun “Qara xəbərin acısı” adlı şeirini dəyirmi masa ətrafında təhlil etdilər.Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Fənn müəllimi Müstəqil Azərbaycanın qurucusu, onun banisi ,ulu öndər Heydər Əliyev haqqında şagirdlərə məlumat verdi.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Ulu öndər Heydər Əliyevin xalqın qarşısındakı səmimi çıxışları,son dəfə xalqa müraciəti,Qarabağa qayıdacağımıza inanması ilə bağlı “Xarıbülbül” festivalında səslənən sözləri ilə bağlı videoçarxlar nümayiş etdirildi.
5a sinif şagirdləri Əliyeva Zəhra və Mövsümova Gülay ulu öndər Heydər Əliyevlə bağlı şeirlər səsləndirdilər.
Zəlimxan Yaqubun “Qara xəbərin acısı” adlı şeiri dinlənildi.Ulu öndərin vəfat xəbərinin acısını atasının ölümünün acısı ilə bərabər tutan şairin şeiri şagirdlər tərəfindən təhlil edildi.
Sonda “Heydər Xalqım deyəcək,Xalq Heydər söyləyəcək” adlı mahnının sədaları altında Heydər Əliyevlə bağlı videoçarxa baxıldı.