2 noyabr "Mixaylo"nun anım günüdür
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 23 iyun 2018-ci il tarixli sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası təhsil naziri Ceyhun Bayramovun 17 iyul 2018-ci il tarixli F-495 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, məktəbin “Narahat ürəklər” təşkilatının, “Şahinlər” komandasının üzvləri Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinə ziyarət etdilər. Abidənin önündə məktəbin hərbi rəhbəri Azər Xankişiyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatı və onun keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verdi.
Məktəbin direktoru Zemfira Məsiyeva Mehdi Hüseynzadə haqqında əlavə məlumatlar verərək bildirdi ki, o, İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, sonradan Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparıb, çətin döyüş tapşırıqlarını və xüsusi döyüş əməliyyatlarını yerinə yetirib. Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanaraq Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Bütün maneələrə baxmayaraq, Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, onun göstərdiyi şücaət və rəşadətin təbliğində məhz Ümummilli Liderin müstəsna xidmətləri olub. Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. 1973-cü il mayın 9-da - Qələbə Günündə Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışı olub. Tədbirdə iştirak edən dahi rəhbər Heydər Əliyev qəhrəmanın partizan hərəkatındakı fəaliyyətindən, keçdiyi mübariz döyüş yolundan söz açaraq deyib: “Mehdi Hüseynzadənin adı müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək”. Sonda məktəbin direktoru bildirdi ki, Mehdi Hüseynzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunur. Məktəbimizdə keçirilən Mehdi Hüseynzadəyə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bu ziyarət təşkil olunmuşdur.
Abidənin ziyarəti zamanı məktəbin kollektivi “Veteran Tankçılar Birliyinin” üzvü, Azərbaycan tarixində ilk Səbael tank taboru komandiri Hacı Əzimov və birliyin digər üzvləri ilə - Zahid Nəzərovla, Nadir Hüseynovla, Elşən Hüseynovla, Arif Nağıyevlə, Svetlana Əzizbəyli ilə, Mehdi Hüseynzadənin döyüş yolu haqqında məlumatlar toplayan politoloq-publisit Ruhiyyə Əliyeva ilə tanış oldular. Ziyarətçilər arasında olan Mehdi Hüseynzadənin bacısı oğlu Əzizbəy Mehdi ilə, eyni zamanda Mehdi Hüseynzadənin digər yaxın qohumları ilə məktəb kollektivinin səmimi söhbəti baş tutdu. Birliyin üzvləri və Mehdi Hüseynzadənin yaxınları Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin “Narahat ürəklər” təşkilatına üzv qəbul olundular və onlara təşkilatın döş nişanları təqdim olundu.
Sonda məktəb şagird və müəllim kollektivi abidə önünə tər qərənfillər düzdülər. Ziyarət iştirakçılarının üçrəngli dövlət bayrağı ilə abidə ətrafında yürüşü təşkil olundu. Ziyarətin sonunda tədbir iştirakçıları abidənin önündə xatirə şəkili çəkdirdilər.