Ana dilimiz milli sərvətimizdir
Azərbaycan dili xalqımızın varlığını təcəssüm edən sərvətdir. Müasir Azərbaycan ədəbi dili elmi-mədəni, siyasi-ictimai sahələrdə geniş işlənmə dairəsinə malikdir. Qloballaşma dövründə - elmin, texnikanın sürətlə inkişaf etdiyi dövrdə hər bir yeni anlayışı ifadə etməyə qadir olan zəngin dünya dillərindən biridir.
Umummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı dövrdən ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Ulu öndərin iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsinin xüsusi rolu vardır.
Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan dili dövlət dili statusu qazandı. Azərbaycan xalqının ümummilli lideri bu məsələdə, mühüm və həlledici rol oynadı. Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ulu öndərin layiqli davamçısı, dil siyasətini uğurla davam etdirir. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dili haqqında dediyi aşağıdakı sözləri bu qayğının ən bariz nümunəsidir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir"
Camalxan Xanbutov,
Bakı şəhəri, Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi, YAP xətai rayon təşkilatının Neapol 8A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri
https://ikisahil.az/post/332792-ana-dilimiz-milli-servetimizdir-3