Təhsil naziri cənab Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı 2016-2017-ci tədris ilini “Təhsildə dəyərlər ili” kimi elan olunmasını təkilf etmişdi. Təhsil naziri bu ilin aprelində Vətən torpaqları uğrunda döyüşlərdə əsgər və zabitlərimizin göstərdiyi şücaəti təhsilimizin illər boyu verdiyi dəyərlərin nəticəsi kimi xarakterizə etmiş və əsgər və zabitlərimizin Vətən torpaqları uğrunda döyüşlərdə yüksək vətənpərvərlik (dəyər) nümunəsi göstərdiyini qeyd etmişdir. Bu dəyər ölkəmiz və təhsilimiz üçün çox vacibdir. Təbii sual meydana gəlir ki, ümumiyyətlə təhsildə dəyər anlayışının məzmun və mahiyyəti necə başa düşülməlidir? Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında beş prioritet məsələnin biri yeni məzmunun yaradılmasıdırsa, deməli dəyərlərin də məzmunda əks olunması vacib amil kimi ortaya çıxır. Düşünürəm ki, bu tədris ilinə “Təhsildə dəyərlər ili” kimi yanaşmaq ölkənin qarşısında duran müasir çağırışlara layiqli cavab verəcəkdir. Fikrimcə, təhsildə dəyərlər anlayışını aşağıdakı kimi təsnifatlandırmaq olar:• şəxsə aid dəyərlər;• sosial qruplara aid dəyərlər;• milli dəyərlər;• ümumbəşəri dəyərlər.Heç kimə sirr deyildir ki, qeyd olunan dəyərlərin hamısı insanlarda təhsilvermə prosesi vasitəsi ilə yaradılır. Təhsildə dəyərlər anlayışına bu baxımdan yanaşmaq lazımdır və bu qısa məlumatın verilməsində əsas məqsəd təhsilin dəyər funksiyasına qismən nəzər salmaq və təhsildə dəyərlər anlayışına aydınlıq gətirən bəzi məqamlara nəzər salmaqdır. Təhsildə dəyərlər anlayışına işıq salan vacib məqamladan biri şagirdə (təhsil alana) şəxsiyyət kimi yanaşmaqla bağlıdır. Şagirdin (təhsil alanın) arzuları, istəkləri, bilik və bacarıqları göz önünə alınmalı və tədris bu istiqamətdə aparılmalıdır. Məhz şəxsiyyət müasir dünyanın əsas hərəkətverici qüvvəsidir. Şəxsiyyət isə təhsil vasitəsilə yetişdirilir. Şagird (təhsil alan) təhsi prosesindən və təhsil mühitindən məmnun qalmalıdır. Təhsil prosesinin şagirdlərə (təhsil alanlara) aşılaya biləcəyi milli mənəvi dəyərlər, vətənpərvərlik, işgüzarlıq və nizam - intizam Azərbaycanın sabit və dayanıqlı inkişafını təmin edəcəkdir. Təhsildə dəyərlər anlayışına işıq salan digər məqamlardan biri müəllim keyfiyyəti ilə bağlıdır. Bu da gələcək nəslin vətəninə, torpağına, millətinə bağlı əsl vətəndaş kimi yetişməsinə böyük təsir göstərir. Müəllimin məsləhətçi statusunda olmalı, müntəzəm öz peşəkarlıq səviyyəsinin artırmalı, tədrisdə ənənəvi şaquli öyrənmə metodu üfüqi öyrənmə ilə əvəzlənməli, ölkəmizin müasir çağırışlarına layiqli cavab verməlidir. Təhsildə dəyərlər anlayışına işıq salan ən mühüm məqamlar isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sabunçu rayonunun 148 və 311 nömrəli məktəblərindəki çıxışlarda öz əksini tapmışdır. Həmin çıxışlardakı əsas müddəalar məktəbdə təhsilin dəyərlər üzərində qurulması üçün proqram xarakteri daşıyır və təhsildə dəyərlər anlayışının ən ali səviyyədə təqdimatıdır. Cənab prezidentin çıxışları şəxsiyyətin tamlığı vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə bağlılıq, bəşəri dəyərlərə hörmət aşılamaqla bağlıdır. Cənab prezident təhsilimizin şagidlərdə (öyrədənlərdə) aşağıdakı mühüm dəyərlərin aşılamağını tövsiyyə etmişdir. Təhsil elə təşkil olunmalıdır ki, şagirdlərimiz bilikli, savadlı olsun, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da öz töhfəsini versinlər. Bilikli, savadlı cəmiyyətdə xoşagəlməz hallar olmayacaqdır.Şagirdlərimiz vətənpərvərlik ruhunda tərbyə olunmalıdır, başqa sözlə şagirdlərimizi elə tərbiyə etməliyik ki, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər. Eyni zamanda, bizim gənc nəslimiz vətənpərvər olmalıdır, milli ruhda böyüməlidir. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Şagirdlərimiz milli ruhda tərbiyə almalıdır. Milli ruhda tərbiyə biliklə, savadla eyni əhəmiyyətə malik məsələdir. Biz müəllimlər çalışmalıyiq ki, şagirdlərimiz, uşaqlarımız milli ruhda tərbiyə alsınlar, milli-mənəvi dəyərlərimizi dərindən öyrənsinlər və təbliğ etsinlər. Bizim dəyərlərimiz – milli-mənəvi dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur və digərlərdən ibarətdir. Bəzi xarici qüvvələr bu dəyərlərimizi sarsıtmaq, bizi öz köklərimizdən ayırmaq istəyirlər. Bizim ən ümdə vəzifəmiz şagirdlərimizi - milli mənliyimizi, dilimizi, dinimizi, adət-ənənələrimizi qorumaq, təbliğ etmək və inkişaf etdirmək kimi dəyərləri aşılamaq olmalıdır. Şagirdlərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq. Bu gün biz informasiya əsrində, internet dövründə yaşayırıq. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə qalxıb. Balaca uşaqlar da internetdən yaxşı istifadə edirlər. Bütün informasiyalar da göz qabağındadır. Məlum olur ki, Avropada və digər ölkələrdə sözdə tolerantlıq, multikulturalizm, xeyirxahlıq, mərhəmət deyilsə də, əsilində dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik və sair mürtəce dəyərlər təblig olunur. Bizim işimiz şagirdlərimizi bu mürtəce dəyərlərdən qorumaq olmalıdır.Cari ilin oktyabr və noyabr aylarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın rəhbərliyi ilə şəhərin 12 rayonunda “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi “Təhsildə dəyərlər ili” çərçivəsində həyata keçirilən ən böyük layihə hesab edirəm. “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, şagirdə (təhsil alana) şəxsiyyət kimi yanaşmaq, müəllim keyfiyyəti, şagirdlərimiz vətənpərvərlik, milli ruhda tərbiyə etmə kimi vacib dəyərləri təbliğ etməkdən ibarət olmuşdur. Məktəbimizdə qeyd olunan dəyərlərin şagirdlərimizdə yetişdirilməsi, təhsil alanın şəxsiyyət kimi formalaşdırılması, onun təlim - tərbiyə prossesinin bərabərhüququlu subyektinə çevrilməsi, təhsilin keyfiyyətinin yükəldilməsi məqsədilə vaxtaşırı müxtəlif tədbirlər, o cümlədən şagird nailiyyətlərinin izlənilməsi mexanizmlərinin pedaqoji prosesə tətbiqi, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllimlərin akademik və metodik bilik, bacarıqlarının artırılması, müəllimin – şagird, müəllim – valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində işlər, müxtəlif fənlərdən və məntiqdən müsabiqələr keçirilmişdir. Məktəbdə həmçinin, şagirdlərdə vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərimizin təbliği və şagirdləri yad təsirlərdən qorumaq məqsədilə müxtəlif sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirilmişdir. Xətai rayonu, 171 saylı tam orta məktəbin direktoru, fizika – riyaziyyat elmləri namizədi,Telman Qardaşov