17 Noyabr Milli dirçəliş günüdür
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı...
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.
Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Azadlıq üçün ayağa qalxan “İlin xalqı”
Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.
“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında "Standing up for freedom People of the Year" sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb. Amma jurnalın içində Azərbaycanın “İlin Xalqı” elan olunması və ya ümmumiyətlə Azərbaycan haqqında heç bir şey yazılmayıb.
“Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edən hər kəsi “İlin Adamları” elan etmişdi. Həmin nömrədə Çin, Polşa, Baltikyanı ölkələr, Macarıstan və Almaniya haqqında məqalələr var. Amma bizim haqda heç bir qeyd yoxdur. Üz qabığındakı fotoda Bakıdakı etirazın olması belə yazılmayıb.
Bakı fotosunu seçilməsinin səbəbi fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olmasıdır. Bu foto həmin ildə dünyada komunizmə qarşı xalqların etirazını sözlərsiz gözəl ifadə edirdi. Bu şəklin belə bir tanınmış jurnalın üz qabığında çıxmasının səbəbi Bakıda olan etirazların insan sayına görə dünyada ən böyüklərdən olduğundandır.
Bizdə olan mitinqlərin möhtəşəmliyi səbəbindən, 1989-cu ildə bütün dünyanı bürümüş etiraz dalğasını rəmzi kimi məhz Bakıdakı mitiqin şəkli seçilmişdir və dolayı olaraq həmin meydanda olan bütün insanlar Newsweek jurnalı tərəfindən İlin Adamları seçilmişdir. Amma, etirazlar yalnız Bakıda olmadığından, dünyanın hər bir yerində totalitar rejimlərə etiraz edən hər kəsi ilin adamı elan edilmişdi. Azərbaycanlılar da onların arasında idi.
1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.
Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin beləmünasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.