Vətən Müharibəsinin 27-ci günü
23 oktyabr 2020-ci il. Vətən sərhəddən başlayır deyiblər. 30 ilə yaxın bir dövrdə Ermənistan dövləti ölkəmizin sərhədlərinə göz dikdi. İllərlə 1 milyon vətəndaşımız məcburən ev eşiklərindən didərgin salındı, minlərlə dinc sakin qətlə yetirildi. Doğma Qarabağımızın təbii sərvətləri, yer altında və yer üstündə olan hər nə varsa Ermənistan və onun havadarları tərəfindən yağmalanaraq, məhv edildi. Azərbaycan isə bu illərin bütün əziyyətlərinə qatlaşaraq dözdü. Haqqın, ədalətin öz yerini tutması üçün mübarizə apardı. Lakin ölkəmizin haqq səsi ya eşidilmədi, ya da qulaq ardına vuruldu. Nəhayət Azərbaycan xalqının səbir kasası doldu. Düşmənin növbəti təxribatlarından birinə geniş əks hücum əməliyyatları ilə cavab verilməyə başlanıldı.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə oktyabrın 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etmişdi.
Ordumuz düşməni qovduqca torpaqlarımız işğaldan azad olunurdu. Hər gün balacadan tutmuş böyüyə qədər hər kəs, gün ərzində azad edilən kəndlərimizin, qəsəbələrimizin, rayonlarımızın adlarını eşitmək üçün Prezident, Ali Baş Komandanın ya "Twitter” səhifəsini, ya da xalqa müraciətini səbirsizliklə gözləyirdi. Prezident İlham Əliyev oktyabrın 23-də də ənənəyə sadiq qalaraq ordumuzun işğaldan azad etdiyi torpaqları özünün "Twitter" səhifəsində açıqladı. Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli və Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndləri işğaldan azad edilmişdi.
Müharibə isə davam edirdi. Düşməni hələ qarşıda 17 ağır gün gözləyirdi.