“Unutmaz bu oba, bu mahal məni” adlı onlayn tədbir keçirildi
Hər xalqın ədəbiyyatında elə yazıçılar var ki,birdən onların bir neçəsini ədəbiyyatdan götürsək,qətiyyən yeri görünməz,lakin elə tək-tək sənətkarlar var ki, onların birinin yoxluğu ilə bir xalqın ədəbiyyatında uçurum əmələ gələ bilər. S.Vurğun belə sənətkar, belə şəxsiyyətdir. Onsuz bizim ədəbiyyatdan danışmaq mümkün olmazdı. Bu sözlərin müəllifi xalq yazıçısı M. Hüseyndir. Görkəmli şəxsiyyətlər S. Vurğun yaradıcılığı haqqında yüksək fikirlər söyləmiş, xalq şairinin xidmətinə böyük dəyər vermişlər.
S.Vurğun xalqımızın tarixini,dilini,şeirini,mədəniyyətini,ulularımızın müdrikliyini,vətən oğullarının azadlıq eşqini,müqəddəsliyini qəlbdən gələn bir coşqu ilə tərənnüm edən parlaq bir istedad idi. O, Azərbaycan xalqının mənəvi dünyasında dərin izlər qoyub getmiş böyük sənətkardır. Bu gün də müstəqil ölkəmizdə onun adı ehtiramla anılır və yad edilir.
27 may 2021-ci il şairin anım günüdür. 50 illik ömrünün 30 ilini yaradıcılığı həsr edən ilk xalq şairimizin ömür yolunu yad etməmək, xatırlamamaq günah olar. Elə bu məqsədlə də Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin kollektivi S. Vurğun yaradıcılığının 115-ci ildönümü münasibətilə “Unutmaz bu oba, bu mahal məni” adlı onlayn tədbir həyata keçirdi. Tədbirdə şairin yaradıcılığı haqqında məlumatlar verildi,şagirdlər tərəfindən şeirlər səsləndirildi. Tədbirə Qazax rayonundan S. Vurğun adına ev muzeyinin nümayəndələri və S. Vurğun adına poeziya evinin kollektivi qoşuldular. Muzeyin əməkdaşı şair haqqında geniş və maraqlı məlumatlar verdi. Poeziya evindən isə şagirdlərin ifasında “Azərbaycan” şeiri sazla ifa olundu. Bundan əlavə,tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov,Xətai rayon məktəb rəhbərləri, müəllim və valideynlər də iştirak etdilər. Qonaqlar çıxış edərək məmnun qaldıqlarını bildirdilər və belə tədbirlərin keçirilməsini alqışladılar.