"Qripdən necə qorunmalı?" mövzusunda maarifləndirici söhbətlər apardılar
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tibb bacıları Həsənova Nazilə və Məhərrəmova Maya şagirdlər arasında "Qripdən necə qorunmalı?" mövzusunda maarifləndirici söhbətlər apardılar. Onlar "Qrip, hava-damcı yolu ilə ötürülən yuxarı tənəffüs yollarının iltihabı ilə xarakterizə olunan Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) qrupuna aiddir. ÜST məlumatına görə qrip epidemiyaları il ərzində 3-5 milyon hallarda ağır xəstəliyə və 390-650 min insanın isə ölümünə səbəb olur. Virus burun boşluğuna daxil olduqda, burun-udlağın arxa divarına keçir. Orada membrandan hüceyrəyə nüfuz edir, bununla da virusun bölünməsi və orqanizmin yoluxması başlayır. Xəstəliyin şiddəti mülayim dərəcədən ağır hipertoksik formalara qədər dəyişir.
Qripin əsas simptomları və ağırlaşmaları. Qripin inkubasiya dövrü bir neçə saatdan 1-3 günə qədər davam edir. Xəstəlik kəskin şəkildə başlayır, xəstənin bədən istiliyi 40 °C dəqər qalxır, şiddətli zəiflik, baş ağrısı, titrəmələr, başgicəllənmə, işıq qorxusu, tərləmə, boğazda quruluq və qızartılar, əzələlərdə və oynaqlarda ağrılar, halsızlıq, burunla nəfəsalmanın pozulması, gözlərdə və qaşlarda ağrı. Qripin ağır formalarında damarların kollapsı, beyin ödemi, hemorragik sindrom inkişaf edir, gedişata ikincili bakterial ağırlaşmalar qoşulur.
Qripin profilaktikası yolları. Qripdən effektiv qorunma yollarından biri vaksinasiyadır (qrip əleyhinə peyvənd). Bədənin qoruyucu funksiyasını artıran bitki mənşəli vasitələri (exinaseya, eleuterokokk), həmçinin multivitamin kompleksləri qəbul edə bilərsiniz. Bağırsaq mikroflorası immun sisteminin formalaşmasında mühüm rol oynayır. Bağırsaq mikroekologiyasının pozulması, bifidobakteriyalar və laktobakteriyaların çatışmazlığı bağırsaqda patogen bakteriyaların koloniya əmələ gətirməsi üçün şərait yaradır. Qida maddələrinin mənimsənilməsinin azalması nəticəsində hüceyrə və humoral immunitet azalır" məlumatları şagirdlərin diqqətinə çatdırdılar.