Möhtərəm cənab Prezident
Zemfira Məsiyeva və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan sərhədində növbəti təxribat törətdilər. Tovuz rayonunun sərhəd ərazisində yerləşən kəndlərimizin ağır top atəşinə tutulması erməni vəhşiliyinin növbəti isbatı idi. Bu gün də davam edən bu məkrli təxribatın qarşısı Sizin əmrinizlə ordumuz tərəfindən peşəkarlıqla alınmışdır. Döyüşlərdə qəhrəman əsgərlərimiz öz həyatı bahasına Vətən sərhədlərimizi qorumuşdur. Sizin və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın məsələlərə anında münasibəti insanlarımızda böyük ruh yüksəkliyi yaratmışdır. Bütün Azərbaycan xalqı bu haqq işinizdə Sizi dəstəkləyir və döyüş əmrinizi gözləyir. Sizin də bildirdiyiniz kimi, düşməndən layiqincə qisas alınmış və Azərbaycanın sərhəd toxunulmazlığı təmin olunmuşdur. Sizin komandanlığınız sayəsində ordumuz qətiyyətli addımlar atmış, düşmənə böyük zərbə vurmuşdur. Əminik ki, Sizin rəhbərliyinizlə mövcud pandemiya şəraitində xalqımızın sağlamlığı, sosial rifahı, dövlətimizin təhlükəsizliyi, sərhədlərimizin bütövlüyü ən yüksək səviyyədə qorunacaqdır.
Cənab Ali Baş Komandan, biz Sizə güvənirik. Bu ağır və məsuliyyətli işdə Siz tək deyilsiniz. Bütün Azərbaycan xalqı Sizinlədir.
Bakı şəhəri Zaur Məmmədov adına 171 nömrəli məktəbin kollektivi adından hörmətlə,
Zemfira Məsiyeva – məktəbin direktoru
Sima Əhmədova – direktor müavini
Nüşabə Bilalova – direktor müavini
Kənan İsmayılov – direktor müavini
Sərxan Behbudov – direktor müavini
Azərbaycan Respublikası, Bakı şəhəri