Mühəndislik və robot texnologiyası üzrə olimpiadaya hazırlıq
Aprel ayında ADA Universitetində “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçiriləcək. 1998-ci ildən etibarən Danimarkanın “Lego Education” və ABŞ-ın “First” şirkətinin ortaq layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya olan maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir.
2018-2019-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnirin builki mövzusu şəhərsalmaya həsr olunub. “City shaper” adlanır.
Keçiriləcək yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın münsiflər heyəti Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlərdən və ADA Universitetinin müəllimlərindən ibarət olacaq.
Qeyd edək ki, Azərbaycan hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə ilk dəfə 2017-2018-ci il mövsümündə qoşulub. Nəticədə yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən Beynəlxalq Açıq Çempionatda təmsil edib. Turnir hər il müxtəlif qlobal elmi və texnoloji problemlərə həsr olunur. Bura “Hidrodinamika – suyun səyahəti”, “Heyvanların qorunması”, “Okeanların qorunması”, “Yaşlılara yardım”, “Qlobal iqlim”, “Dünya təhsili” və digər mövzular daxildir. Bu ilki mövzu isə şəhərsalma ilə bağlı olan layihələrdir.
Bu olimpiadada Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6 nəfərlik komandası iştirak edəcək. Komanda rəhbəri tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, komanda rəhbərinin koməkçisi informatika laborantı Ülviyyə Eyvazovadır.