Salatın Əsgərovanın şəhid olduğu gündür
O gündən 29 il keçir. Salatın Əsgərova şəhid olanda 29 yaşı vardı. Bu gün Milli qəhrəman, jurnalist Salatın Əsgərovanın şəhid olduğu gündür.
Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurub. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı", 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayıb.
1991-ci il yanvarın 9-da (29 yaşında) pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 kilometrliyində Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulur. Erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyib.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, Ceyhun adlı oğlu yadigar qalıb.
09 yanvar 2020-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə şagirdlərə və müəllimlərə bu barədə məktəbin radio qovşağı vasitəsilə məlumat verildi. İnformatika dərsində kompüter proqramlarından istifadə etməklə şagirdlər təqdimatlar hazırladılar.