"Məni unutmayın" adlı ədəbi-bədii gecə keçirildi
İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını yerinə yetirmək məqsədilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş “Məni unutmayın” adlı ədəbi – bədii gecə keçirildi. Gecədə şagirdlər Xalq yazıçısının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər, onun “Dəli Kür” əsərindən səhnəciklər nümayiş etdirdilər. Şagirdlərin iştirakı ilə hazırlanan ”Sapı özümüzdən”, “ Od, su və vicdan “ adlı səhnəciklər alqışlarla qarşılandı. Görkəmli şəxsiyyətlərin Xalq yazıçısı İsmayıl Şıxlı haqqında söylədikləri kəlamları xatırlatdılar, onun Kür çayı haqqında bildirdiyi fikirləri söylədilər.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq İmamverdiyeva tələbəlik illərindən İsmayıl Şıxlının ona dərs deməsindən, tələbələrə olan sevgisindən, ədəbiyyatda vurğunluğundan söz açdı.
Tədbirdə qonaq kimi dəvət olunmuş 264 saylı məktəb – liseyin direktoru Sevda Qocayeva Xalq yazıçısı İsmayıl Şıxlının oxuduğu məktəb illərindən söz açdı, onun həyatından, əsərlərindən danışdı, İsmayıl Şıxlı yaradıcılığında maraqlı məqamlara toxundu. Şagirdlərə uğurlu çıxışlarına görə təşəkkürünü bildirdi.
Məktəbə qonaq qismində dəvət olunmuş saz ustası Aşıq Vəli Şınıxlı İsmayıl Şıxlı yaradıcılığı haqqında çıxış etdi. Aşıq sənətinin incəliklərini,ədəbiyyatla bağlılığını vurğuladı. Sazda ifa edilən “Yanıq Kərəm “ müsiqisi tədbir iştirakçılarını ayaq üstə Aşıq Vəli ifasını alqışlamağa ruhlandırdı.
Məktəbin direktoru Zemfira Məsiyeva Xalq yazıçısının keçdiyi şərəfli ömür yolundan danışdı, əsərlərinin xalq tərəfindən sevildiyini vurğuladı.
Tədbirdə şagirdlər, valideynlər və müəllimlər iştirak edirdi.