Şəhid məzunumuz Rüstəmov Rövşənin doğum günü unudulmadı

11aprel tarixində məktəbimizin qəhrəman məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rüstəmov Rövşənin doğum günü münasibətilə onun məzarı ziyarət edildi. Məktəb rəhbərliyi, müəllimlər və şagirdlər şəhidimizin məzarını ziyarət edərək onun əziz xatirəsini böyük ehtiramla yad etdilər. Ziyarətdə Xətai rayonu Həmkarlar Komitəsinin sədri Seyran Səfərov da iştirak edirdi.
Ziyarət zamanı Rövşənin həyat yolu, vətənə olan sevgisi və göstərdiyi fədakarlıq bir daha xatırladıldı. Onun timsalında bütün şəhidlərimizə olan minnətdarlığımız ifadə olundu.
Rövşən Rüstəmov 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan Tərlan Əliyarbəyovun nəticəsidir. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb. Rövşən Rüstəmov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Rövşən Rüstəmov oktyabrın 6-da şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Rüstəmov ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Rüstəmov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rövşən Rüstəmovun xatirəsi hər zaman bizimlədir. O, təkcə ailəsinin deyil, məktəbimizin və xalqımızın fəxridir.
Ruhun şad olsun, igid şəhidimiz!