“Narkomaniyaya “yox” deyək!”

1 dekabr tarixində Faiq Rzayev adına 150 №-li tam orta məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Bayramova Sonaxanımın və təsviri incəsənət müəllimi Məlikova Gülnarənin təşkilatçılığı ilə 5C və 6C sinif şagirdləri üçün “Narkomaniyaya “yox” deyək!” adlı maarifləndirici dərs təşkil olunmuşdur. Dərs zamanı şagirdlər narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə olması barədə məlumatlandırılmış, bu barədə öz fikirlərini söyləmiş və rəsm nümunələri çəkmişlər.

   Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

    Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması əsas vəzifələrdən birinə çevrilmişdir. Bu sahədə ölkəmizdə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü olan “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.   

    Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır.

    Uşaqların ən çox məktəb həyatında formalaşdıqları hər kəsə məlumdur. Məhz məktəb həyatında sabahın vətəndaşları gələcəkdə cəmiyyətdə hansı yola üz tutacaqlarını müəyyənləşdirirlər. Çünki evdəki mikromühitdən fərqli olaraq, burdakı məktəb həyatı daha geniş insan çevrəsini əhatə edir.

    Əksər vaxtlarda narkotik alverçiləri, məhz məktəbliləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Çox təəssüf ki, son vaxtlar məktəblilər arasında narkomaniyaya olan marağın artması narkotik alverçilərinin məktəb həyətlərinə “yol açmaları”na səbəb olur. Məktəb-valideyn əlaqələrinin olmaması, yenicə həyata atılan uşaq və yeniyetmələri kompassız gəmi kimi həyatın burulğanına aparır. Elə bir burulğana ki, oradan qayıdış möcüzəyə bağlıdır, yaxud çox vaxt heç mümkün də deyil.

    Bu bəladan qurtulmağın müxtəlif yolları vardır. Ancaq məqsəd bu xəstəliyə, bu bəlaya, “ağ ölümə” yoluxmadan qarşısını almaqdır. Burada cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi vardır. Gənclərimizi, uşaqlarımızı, bu bəladan uzaq tutmaq, onlarla söhbətlər aparmaq, “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır. Gənclərimiz narkomanlığın necə bir bəla olduğunu dərk edərsə, əlbəttə, bu bəladan uzaq durar və ətrafını da “ağ ölüm”dən qorumağa çalışar.

   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi