Fənn olimpiadalarının ilk günü

Fevralın 10-da Respublika fənn olimpiadalarının şəhər mərhələsinin ilk günündə məktəblilər riyaziyyat və kimya fənləri üzrə biliklərini sınayıblar.

Olimpiadaların Bakı şəhər mərhələsi paytaxtdakı 18 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 3 və 276, Nərimanov rayonu üzrə 36 və 47, Nəsimi rayonu üzrə 54 və 46,  Nizami rayonu üzrə 229 və 32,  Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 271, Suraxanı rayonu üzrə 114, Xətai rayonu  üzrə 138 və 245, Xəzər rayonu üzrə 124, Pirallahı rayonu üzrə 235, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə isə 189-190 nömrəli tam orta məktəblərdə keçirilib.

Respublika fənn olimpiadaları mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq fevralın 11-də informatika, biologiya, coğrafiya, fizika, fevralın 12-də isə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə keçiriləcək.

IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının şəhər mərhələsində 6 501 şagirdin iştirakı nəzərdə tutulur.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva paytaxtın bir sıra ümumi təhsil müəssisələrində fənn olimpiadalarının təşkili prosesi ilə yaxından tanış olub.

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Bu mərhələdə uğur qazanmış şagirdlər olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM