V-XI siniflər üzrə ənənəvi tədrisə start verilib
Sentyabrın 29-u Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə ənənəvi tədrisə start verilib.
Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində V-XI siniflər üzrə 244 054 şagird təhsil alacaq.
Təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan dərslərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat verilib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.
Qeyd edək ki, ümumilikdə, BŞTİ-nin tabeliyindəki təhsil ocaqlarında 471 661 şagird təhsil alır. 2021-2022-ci dərs ilində Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 467 müəllim çalışır.
İdarənin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, yuxarı sinif şagirdlərinin ənənəvi təhsilə başlaması ilə bağlı BŞTİ müdiri Mehriban Vəliyeva paytaxtdakı 82 nömrəli tam orta məktəbdə olub, tədris prosesinin təşkili vəziyyətini izləyib.