"Oxu günü" nə həsr olunmuş tədbir keçirildi
Şagirdlərdə oxu və mütaliə bacarıqlarının artırılması məqsədi daşıyan “Oxu günü” nün məktəbimizdə də keçirilməsinə xüsusi diqqət ayrıldı. Yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsinin və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinin hədəf götürüldüyü bu layihə 130 nömrəli məktəbdə keçirildi.
Layihə əsərlərin müzakirəsi formatında təşkil olundu. Müzakirədə XIX əsrdə yazılmış, lakin bu gün də aktuallığını qoruyan Cəlil Məmmədquluzadənin “Ölülər”, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərlərindəki obrazlar təhlil olundu. Həmçinin müzakirədə dünya ədəbiyyatından olan Aqata Kristinin “Lord Ecverin ölümü” əsərinə də müraciət olundu. Məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Təhminə Novruzova və tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşovanın iştirak etdiyi müzakirənin rəhbəri nəzərdə tutulduğu kimi Azərbaycan dili və Ədəbiyyat müəllimi Afaq Əhmədova idi. Əsərin müzakirəsində məktəbin IX sinif şagirdləri N.Fatimə, A.Böyükxanım, İ.Fatimə və H.Gülnisə iştirak edirdilər. Müzakirədə dinləyici qismində məktəbin müəllim və şagirdləri ilə yanaşı 42-ci polis bölməsinin YYÇ işləri üzrə baş inspektor polis mayoru Yasəmən Fətəliyeva qonaq qismində iştirak etdi.