Narkomanlıqla mübarizə sahəsində maarifləndirici tədbir
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə Sabunçu rayon icra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbdə keçirilən tədbir antinarkotik təbliğatlı video çarxın təqdimatı ilə başlandı.
Tədbirin açılışında Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı-Səbahət Hünbətov çıxış etdi. O, öz nitqində narkomanlıqla mübarizənin vacibliyindən və bu sahədə görülən işlərdən bəhs etdi. Daha sonra ard-arda çıxış edən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Elvin Xankişiyev, Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Pərvin Abbasova, Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova, Sabunçu Polis İdarəsinin rəisi Eldar İlyasov da öz çıxışlarında müasir cəmiyyətin ən böyük problemi olan narkomaniya problemini müzakirə edərək, narkotiklə mübarizənin məhz narkomanlarla mübarizə olduğunu nəzərə çatdırdılar. Həmçinin hal–hazırda dövlətimizdə Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər əsasında ağ ölümlə mübarizə tədbirlərinin həyata keçirildiyi də qeyd olundu. Narkotik aludəçisinə çevrilmiş insanlara yardım etmək və onları bu asılılıqdan qurtarmaq üçün mütəxəssislərin verdiyi tövsiyyələr də tədbirdə iştirak edənlərə çatdırıldı. Qeyd olundu ki, bu insanları cəmiyyət arasına gətirmək, onların reablitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək lazımdır.
Tədbir Səbahət Hünbətovanın bağlanış nitqi ilə tamamlandı.