Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar “Xocalı – xalqımızın qan yaddaşı” mövzusunda ədəbi - bədii kompazisiya keçirilmişdir
Şagirdlərdə Xocalı faciəsi haqqında bilgiləri artırmaq, tarixi hadisələrə rəy vermə, vətənini təbliğ etmə, vətənə sevgi hissi oyadıb, Azərbaycanın müstəqilliyi haqqında geniş məlumatların əldə edilməsinə imkan yaratmaq, Qarabağ tarixini dərindən mənimsətməyə nail olmaq məqsədi ilə “Xocalı – xalqın qan yaddaşı” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Sabunçu rayonu 42 – ci PB – nın rəis müavini polis mayoru Atik Cəlilzadə və PB – nin yetkinlik yaşına çatmayanların işi üzrə baş inspektoru polis mayoru Yasəmən Fətəliyeva iştirak etmişlər.Tədbir Yasəmən Fətəliyevanın çıxışı ilə açıq elan edildi. O, nitqində Xocalı faciəsinin qurbanlarının daim anılmasının və bu tarixi həqiqətlərin nəsildən – nəsilə ötürülməsinin vacibliyini qeyd etdi. Daha sonra çıxış üçün söz Atik Cəlilzadəyə verildi. O da öz növbəsində bu günün Azərbaycan üçün hansı anlam daşıdığını və ümumxalq hüzn günü olduğunu şagirdlərin nəzərinə çatdırdı. Çıxışların tamamlanmasından sonra tədbirin iştirakçıları səhnədə öz yerini aldı. Bu anım günündə iyirmi beş illik tarixin ilk günki kimi acı təəssürat bağışlayan həqiqətlərindən bəhs olundu. Şagirdlərin ifasında Xocalıya həsr olunmuş şeirlər söylənildi. Həmçinin erməni amansızlıqlarının tam gerçəkliyi ilə lentə alındığı video sujet təqdim olundu. Tədbirin sonlarına doğru səhnədə görünən III sinif şagirdləri hər biri bir rayonu təmsil edərək insanlara “Bizi düşmən tapdağından xilas edin” deyə səsləndilər. Bu çağırış IX sinif şagirdi Y.Hüseynin ifasında “Torpağın səsi” mahnısı ilə tamamlandı. Tədbirin bədii hissəsi tamamlandıqdan sonra çıxış üçün söz məktəbin tarix müəllimi V.Yusifə təqdim olundu. Müəllim Xocalı soyqırımının Azərbaycan tarixinin səhifələrinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olduğunu qeyd etdi və əlavə etdi ki, bu qanla yazılmış tarixin yeni nəsillərə çatdırılmasında əsas vəzifələrdən biri məzh müəllimlərin üzərinə düşür. O, doğma torpaqlara dönəcəyimiz günün yaxında olduğuna böyük inamını ifadə etməklə nitqini tamamladı. Tədbirin tamamlandığı elan edən F.Yasəmən xanım son olaraq növbəti dəfə bu tribunaya çıxıb düşmən tapdağında olan torpaqlarımızın azad olunma xəbərini vermə diləyini ifadə etdi.