"Biz mütaliəni sevirik" adlı tədbir keçirilmişdir
Şagirdlərdə mütaliəyə həvəs oyatmaq, Azərbaycan ədəbiyyatını tanıtmaq, onların nitq qabiliyyətini, səhnə mədəniyyətini, bilik və bacarıqlarını, estetik zövqlərini inkişaf etdirmək məqsədi ilə “Biz mütaliəni sevirik” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu Cəlil Məmmədquluzadənin yaradıcılığında mühüm yer tutan “Poçt qutusu” əsərinin səhnəlişdirilməsinə xüsusi yer ayrılmışdır. Tədbirin təşkilatçısı kitabxanaçı Bağırova Ülkər məhz bu əsəri seçməsində əsas məqsəd kimi cahilliyin, elm və təhsildən yayınmağın insan həyatında səbəb olacağı fəsadları göz önünə gətirmək və şagirdlərə aşılamaqdan ibarət olduğunu qeyd etmişdir. Aparıcı tamaşaçı qismində iştirak edən qonaqları salamladıqdan sonra səhnəciklərin təqdimatına başlandı. İlk olaraq ibrətamiz xarakter daşıyan “Dilarə” şeiri 2 "B" sinif şagirdlərinin təqdimatı ilə səhnələşdirildi. Ardınca 5 "A" sinfi səhnədə öz yerini aldı və Əhməd Cəmilin “Can nənə bir nağıl de”şeirini səhnələşdirilmiş şəkildə təqdim etdilər. Səhnəciklərin tamamlanmasından sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən kiçik sujetli film təqdim olundu.Növbəti dəfə pərdə açıldıqda “Poçt qutusu” tamaşasının iştirakçıları səhnədə göründülər. Səhnə tərtibatı, koystumlar, obrazlar tamaşaya marağı daha da artırdı.“Poçt qutusu” tamamlandıqdan sonra 7 "A" sinif şagirdi A.Hüseyn Mirzə Ələkbər Sabirin “Ölüb ə” şeirini söylədi. Məktəbin direktoru tədbirin sonunda bu əsərin yumor, gülüş yaratdığı hissələrində belə tərbiyəedici məqamların öz əksini tapdığını qeyd etdi. O, hər bir şagirdi düşündürəcək bu əsərdən ibrət götürməyi onlara tövsiyyə etdi.