Füzuli əməliyyatı
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir; Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik."İki sahil" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.Bundan əvvəl Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndlərinin işğaldan azad edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!