Qaradağ və Sabunçuda “Məktəb hesabatları”dinlənilib

2020-2021-ci tədris ili üzrə “Məktəb hesabatları”nın dinlənilməsinin növbəti sessiyaları Qaradağ və Sabunçu rayonlarının ümumi təhsil məktəblərini əhatə edib. 

Dinləmələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və məktəb direktorları iştirak ediblər.

Paytaxtdakı 253 və 90 nömrəli tam orta məktəblərdə təşkil olunmuş dinləmələrdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən, eləcə də “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər üzrə görülən işlərdən bəhs edib.

İdarə müdiri məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə Qaradağ və Sabunçu rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin təhlilinə və IV, VIII, IX siniflərdə keçirilən monitorinq imtahanları və buraxılış imtahanlarının nəticələrinə dair təqdimatla çıxış edib. TDM-in direktoru İlkin Həsənov “Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda təlim keçib.

Müzakirələrdə ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması, təmayülləşmə, keyfiyyətə nəzarət işi, təminat-təchizat, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha dolğun çatdırımasının təmin olunması və digər müvafiq mövzularda fikirlər dinlənilib, maraq doğuran məsələlərə dair suallar cavablandırılıb.

“Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulması, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabətin yaranması, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin genişləndirilməsi, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM