Vətənin qəhrəman oğulları ilə onlayn görüş keçirilmişdir
16.01.2021 Ətraflı
13 yanvar 2021-ci il tarixdə hərbidən tərxis olunmuş, əsgəri xidmətlərini layiqincə yerinə yetirmiş vətən oğulları ilə 4 d sinif şagirdlərinin onlayn görüşü keçirilmişdir. Görüşdə məktəbin rəhbərliyi, müəllimlər və valideynlər iştirak etmişdir. Zəngilan, Füzuli və Cəbrayıl bölgələrinin mənfur düşməndən azad olunmasında yaxından iştİrak edən əsgərlər keçdikləri şərəfli döyüş yolundan məlumat verdilər, şagirdlərin çoxsaylı suallarını cavablandırdılar. Sonda çıxış edən məktəbin direktoru Tural Mirzəliyev Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa dilədi və bildirdi ki, bütün xalqımızın, o cümlədən Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbin kollektivi tarixi zəfərimizin qazanılması uğrunda şərəfli döyüş yolu keçən, qələbəyə öz töhfələrini verən bütün qəhrəman vətən övladları ilə fəxr edir, onlara öz təşəkkürünü və xoş arzularını çatdırır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində distant dərslərin müşahidə olunmasına başlanılıb.
İlk gün Bakı şəhəri 19, 49, 53, 67, 114, 182, 212, 220, 236, 245, 288, 322 nömrəli tam orta məktəblər üzrə distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən müşahidə olunub.
Layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.
Sonra “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.
Distant tədris prosesinin səmərəliliyini artırmaq məqsədi ilə layihə çərçivəsində dərs müşahidələrinin davamlı təşkili qərara alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı onlayn tədbirlər təşkil olunub.
Onlayn tədbirlərdə məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ulu öndərin bu sahədəki irsinin daim diqqət mərkəzində saxlanıldığı nəzərə çatdırılıb.
Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Vətən Müharibəsində yaralanmış, eləcə də müxtəlif dövlət təltiflərinə layiq görülmüş müəllimlərlə telefon vasitəsilə əlaqə saxlayıb, təbriklərini çatdırıb və onların hazırki vəziyyəti ilə maraqlanıb. Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə müəllimləri təbrik edən İdarə müdiri onlara möhkəm cansağlığı və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
M.Vəliyeva Vətən Müharibəsində iştirak etmiş müəllimlərin təkcə sinif otaqlarında deyil, döyüş meydanındakı qəhrəmanlıq nümunələri ilə də şagirdlərə vətənpərvərlik dərsi keçdiklərini qeyd edib. İdarə müdiri qazi müəllimlərin qalib ordunun təmsilçisi kimi geri dönərək şagirdlərinin təkcə müəllimi yox, həm də canlı qəhrəmanı olacağını da bildirib.
Qeyd edək ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq müxtəlif xəsarətlər almış müəllimlərə BŞTİ tərəfindən hədiyyələr və bayram sovqatı da göndərilib.
2020-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. 2020-ci il bir tərəfdən ciddi sınaqlar ili kimi yadda qalsa da, digər tərəfdən yeni imkanlar ili kimi səciyyələndirilə bilər. Müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə və qarşıda duran vəzifələrin icrasına nail olmaq məqsədilə BŞTİ-nin və idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.
Ümumi statistika
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 455 994 şagirdin təlim-tərbiyəsi ilə 27 686 müəllim məşğul olur.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 904, IX siniflərində 35 615, XI siniflərində 20 420, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 149 nəfər təhsil alır.
Birinci sinfə 44 mindən çox uşaq qəbul olunub
BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 2020-2021-ci dərs ili üçün 44 904 uşaq qəbul olub.
I sinfə qəbul prosesində yeniliklər
İlk dəfə olaraq ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.
Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün 2020-2021-ci tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.
Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb.
Onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib.
Həmçinin yuxarıda qeyd edilən müsahibələrin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyası fəaliyyət göstərib.
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə yaradılmış Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə Alternativ qeydiyyat mərkəzlərinə gəlmədən, müəyyən edilmiş “Whatsapp” nömrələri vasitəsilə zəruri köməklik göstərilib.
Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədilə tətbiq olunub.
27 122 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub
BŞTİ-nin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 1092 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 27 122 uşaq cəlb olunub.
36 923 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
Ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə (sy.edu.az) həyata keçirilib.
2020-ci ildə 36 923 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
1082 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə 594, tam orta təhsil (XI sinif) səviyyəsi üzrə isə 488 nəfər fərqlənmə attestatı ilə bitirib.
26 məzun qızıl və gümüş nişana layiq görülüb
Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2019-2020-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.
53 Bakı məktəblisi olimpiadada qalib olub
Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.
Məntiq Olimpiadasında 7000-ə yaxın şagird iştirak edib
Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 7000-ə yaxın şagird rəqabət aparıb.
Finalda isə ümumilikdə 35 məktəbli qalib olub. 81 bal və yuxarı nəticə göstərən 5 nəfər I, 80 bal toplayan 10 nəfər II, 71 baldan 80 baladək nəticə əldə edən 20 nəfər isə III yerin sahibi olub.
Məntiq olimpiadasının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların elmə olan marağını artırmaqdan ibarətdir.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində müsbət dinamika
Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub.
Həmçinin 5 məzun buraxılış imtahanlarında, 5 məzun isə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə əldə edərək yaşıdlarından fərqlənib.
BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verib. O, hər iki mərhələnin ümumi nəticələrinə görə, 700 bal toplayıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.
337 şagird liseylərə qəbul üzrə müsabiqədən uğurla keçib
BŞTİ-nin tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqəyə 737 şagird qatılıb. Onlardan 337-si müsabiqənin nəticələrinə görə müvəffəq olub.
170 “Sağlam təhsil” sinfi təşkil edilib
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir.
Həmçinin paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.
Təntənəli açılış mərasimləri
2020-2021-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 154, 216, 251 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər.
Təhsil sahəsi üzrə mühüm sərəncam və qərarlar
“Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.
Eyni zamanda “2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan tələbələrə təqaüd verilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.
Tədris ilinin ilk dərsləri
2020-2021-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə isə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.
720 təmayül sinif təşkil olunub
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.
BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 720 təmayül sinif təşkil olunub.
Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.
60 şagird inklüziv təhsilə cəlb edilib
Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.
İşə qəbul üzrə 1 709 vakansiya təqdim olunub
Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub.
1 691 nəfər işə qəbul olunub
Müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub.
Bunlardan:
1 209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;
254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
539 nəfər yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb
2020-ci il ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.
Orta aylıq əmək haqqı 694 manat təşkil edir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2020-ci təqvim ili üçün 694 manat təşkil edir.
Xüsusi hallar və həssas qruplarla iş
BŞTİ-nin təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda “Dəyirmi masa” keçirilib.
“Dəyirmi masa” aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edib. “Dəyirmi masa”da xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə aydınlıq gətirilib.
Paytaxt təhsilinin keyfiyyət göstəriciləri təhlil edilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2020-ci təqvim ili üzrə IX sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.
İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib, müvafiq hesabat hazırlanıb.
Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib. Diaqnostik Qiymətləndirmə V siniflər üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.
İnspeksiya layihəsi həyata keçirilib
Təhsil nazirinin müvafiq əmrinə əsasən, respublikanın 50 ümumi təhsil müəssisəsində inspeksiya layihəsi həyata keçirilib.
Bu layihənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin 25-i BŞTİ-nin tabeliyindəki məktəblərdir.
2020-ci təqvim ilinin mart-may aylarını əhatə etmiş inspeksiya zamanı məktəb sənədlərinin yoxlanılması, dərslərin dinlənilməsi, mərkəzləşdirilmiş imtahanların nəticələri, müəllim, şagird və valideynlər arasında sorğuların keçirilməsi, təhlükəsizlik və sanitariya-gigiyena vəziyyətinin öyrənilməsi həyata keçirilib.
“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişlənir
Pandemiya dövründə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.
Belə ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.
“Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edir.
Layihə çərçivəsində şagirdlərin “Əsgərə salam” aksiyası təşkil olunub. Məktəblilər Vətən Müharibəsində rəşadətli ordumuza dəstək olmaq üçün maraqlı videoçarxlar hazırlayıblar.
“Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, məktəblilər arasıda bir sıra onlayn yarışlar təşkil olunub.
Hazırda layihə çərçivəsində məktəblilər arasında “Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Azərbaycan YUNESKO Klublarının birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında keçirilir.
36 qrant layihə qalib olub
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 36 layihə qalib olub.
BŞTİ-nin tabeliyindəki 14 təhsil müəssisəsindən - 12, 59, 95, 195, 176, 234, 18, 30, 163, 173, 38 nömrəli tam orta məktəblərdən və 20, 83, 220 nömrəli məktəb-liseylərdən təqdim olunmuş layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən təqdim edilmiş 22 layihə isə fərdi kateqoriya üzrə qalib olub.
26 məktəbdə informatika təmayüllü siniflər fəaliyyət göstərir
Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərir.
Paytaxt üzrə 5 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir
BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.
Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
4 məktəbdə İngilis dili resurs mərkəzi fəaliyyət göstərir
BŞTİ və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində Britaniya Şurası Təşkilatı təlimçilərinin moderatorluğu ilə 4 günlük “Müəllimlərin Fəaliyyət Qrupları” və 2 günlük “Debat, Əlaqə, Dialoq” mövzularında təkmilləşdirmə təlimləri keçirilib.
“Rəqəmsal bacarıqlar” layihəsi
Paytaxtın 126 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.
“Uğur üçün tədris” layihəsi
Təhsil Nazirliyi və Britaniya Şurası Təşkilatının (British Council) birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi həyata keçirilib.
Bakı şəhəri üzrə layihəyə cəlb olunan 74 ümumi təhsil məktəbinin ingilis dili müəllimi üçün “Metodologiya” təlimləri keçirilib.
285 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir
Ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.
BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik akademiya” fəaliyyət göstərir.
79 məktəbdə STEAM layihəsi tətbiq edilir
“Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə Təhsil Nazirliyinin əmrinə əsasən, paytaxtın 79 ümumi təhsil məktəbində layihə tətbiq edilir. Layihə çərçivəsində müəllimlər üçün təkmilləşdirmə təlimləri keçirilib.
“Ən yaxşı təqdimat” müsabiqəsi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 8-i II dərəcəli diploma, 3-ü III dərəcəli diploma, 1-i isə “Tərifnamə”yə layiq görülüb.
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş virtual sərgi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi keçirilib.
BŞTİ-nin rəsmi saytında, sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində yayımlanan virtual sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunub.
“Ədəbiyyat biliciləri” müsabiqəsi
“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsində BŞTİ-nin tabeliyində olan məktəblər üzrə 605 məktəbli rayon (şəhər) turunda iştirak etmək hüququ qazanıb.
Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 7 şagird iştirak edəcək.
“Sabahın alimləri” IX Respublika Müsabiqəsi
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibi olub.
Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qalib layihələrdən 38-i Bakı məktəblərindən təqdim olunub. Müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 2-si I yerə, 7-si II yerə, 8-i isə III yerə layiq görülüb.
“Sabahın alimləri” IX Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 7 nömrəli tam orta məktəbin şagirdi Emil Rüstəmli, 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanova onlayn şəkildə keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı uğurla təmsil ediblər.
İstedadlı şagirdlər üçün eksternat imtahanları keçirilib
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.
Eksternat imtahanlarında şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılır.
2020-ci ildə paytaxt məktəblərində təhsil alan 3 (üç) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.
Paytaxt məktəbliləri beynəlxalq arenada
Paytaxt məktəbliləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər.
Virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələrinə əsasən, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva bürünc medal qazanıblar.
“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Bakı şəhəri 102 nömrəli tam orta məktəbin şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüb.
Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında Bakı şəhəri 309 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görülüb.
Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasına virtual şəkildə qatılmış Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva gümüş medal qazanıb.
Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin şagirdi Elçin Musazadə və 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov bürünc medal qazanıblar.
Sankt-Peterburqda keçirilmiş 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov həvəsləndirici sertifikata layiq görülüb.
“Microsoft” şirkəti tərəfindən təşkil olunmuş “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda ölkəmizi Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika m
Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin
© Azərbaycan Respublikasının Təhsil Nazirliyi