Şərəfli döyüş yolu

30 ilə yaxındır ki, Azərbaycan xalqı ürəyində Qarabağ nisgili ilə yaşayırdı. İllər keçir, lakin bu nisgilin sızıltısı azalmır, əksinə ürəyimizin lap dərinliyində kök salırdı, sağalmırdı bu yara. Lakin bir ümid işığı qəlbimizdə heç vaxt sönmürdü. Gün gələcək və biz torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Və o gün gəldi...

27 sentyabr 2020 –ci il tarixində Ali Baş Komandanın əmri ilə əsgər və zabitlərimiz ərazi bütövlüyümüz uğrunda Vətən müharibəsinə başladılar. Bu təkcə torpaq uğrunda gedən savaş deyildi, bu Azərbaycan xalqının qürur savaşı idi. Müharibə başlanan ilk gündən ön cəbhədən gələn qələbə xəbərləri ordumuzun da, xalqımızın da qələbə əzmini daha da artırdı. Daha da gücləndik, bərkidik, bir olduq, yumruq kimi. Qazanılan hər bir uğurun əsgər və zabitlərimizin qanı bahasına olduğunu da dərk edirik. Müharibə qan-qadasız olmur”, - deyə bəzən özümüzə təsəlli də verirdik.

Belə xəbərlərdən birini hələ müharibənin ilk günlərində eşitdik. Sentyabrın 29-u “Suqovuşan” uğrunda gedən döyüşlərdə ağır yaralanan hərbçimiz – Baş gizir, Tank komandiri Sakit Məmmədov. Bu xəbər bütün müəllim heyətini sarsıtdı. Sakit Məmmədovun övladları 86 nömrəli məktəbdə təhsil alır.

Müharibənin üçüncü günü döyüşün qızğın getdiyi ərazidə xəsarət alan hərbçimiz döyüş meydanını tərk etmir. Yaralı hərbçi düşmənin silah sursatla dolu olan hərbi maşınını ələ keçirir və döyüş meydanında böyük qəhrəmanlıq göstərir. Əks hücumun üçüncü günü onun göstərdiyi bu şücaət döyüş yoldaşlarını bir az da ruhlandırır. Yaralı hərbçimiz hospitala yerləşdirilir. Onun bir arzusu var idi. Tezliklə sağalıb ön cəbhəyə qayıtmaq.

Sakit Məmmədov kimi igid oğulları olan Vətən məğlub olmaz, basılmaz. Biz qələbə qazandıq. Bu qələbənin sevincini onunla bölüşmək üçün Sakit Məmmədovu məktəbimizə dəvət etdik. Görüş zamanı Sakit Məmmədov qısa və şərəfli döyüş yolundan söhbət açdı. Məktəb heyətinə öz təşəkkürünü bildirdi. Məktəbin rəhbərliyinə bu  qısa zaman çərçivəsində əsgər və zabitlərimizə göstərdikləri qayğı və dəstək üçün təşəkkür etdi. Biz də öz növbəmizdə bu tarixi qələbəni bizə yaşadan hər bir əsgər və zabitimizə öz dərin hörmət və məhəbbətimizi bildirdik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi