"BAHAR ÇƏLƏNGİ" ADLI NOVRUZ TƏDBİRİ

          Novruz  bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.

Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.

           İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını qeyd etmək olar.

            Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

           Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

            Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da "S" hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.

            Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi