Məktəbimizin 5-ci sinif şagirdləri "Azərbaycan Rəssamlar İttifaqı"nın və "Azərbaycan Xalçaçılar Birliyi"nin üzvü Xalçaçı rəssam Adil Hüseyn oğlu Məmmədovun emalatxanasında
Xalçalar üzərində qorunub saxlanılan naxışlar ulu əcdadlarımızın mənəvi dünyası ilə sıx bağlıdır. Bu qiymətli sərvətlərimizin digər dekorativ-tətbiqi sənət nümunələri ilə bənzərlik təşkil edən naxışları xalqımızın minilliklərdən bəri süzülüb gələn mifoloji dünyagörüşünü əks etdirir. Müstəqillik illərində xalq yaradıcılığının digər sahələri kimi , xalçaçılıq sənətinin də dirçəldilməsi üçün çox işlər görülüb, unudulmaqda olan xalçaçılıq ənənələrinin yenidən bərpa olunmasına diqqət artıb.
Hazırda xalq yaradıcılığı emalatxanalarında xalça toxunmasının təşkil olunması, xalçaçılıq sexlərinin yaradılması, xalçaçılıq üzrə peşə kurslarının açılması, toxuculuq və xalçaçılıq dərnəklərinin yaradılması, ali təhsil ocaqlarında xalçaçılıq dərslərinin keçilməsi qədim diyarımızda xalçaçılığın inkişafına göstərilən dövlət qayğısının nəticəsidir.
Məktəbimizin 5-ci sinif şagirdləri Texnologiya müəlliməsi Qədirova Solmazın təşəbbüsü ilə "Azərbaycan Rəssamlar İttifaqı"nın və "Azərbaycan Xalçaçılar Birliyi"nin üzvü Xalçaçı rəssam Adil Hüseyn oğlu Məmmədovun emalatxanasında oldular.
Ekskursiyanın təşkil olunmasında məqsəd Azərbaycan xalçaları haqqında məktəblilərə məlumat vermək, Azərbaycan xalçaçılıq sənətinin və peşə yönümlü sahələrin təbliğində şagirdlərin mədəni biliklərinin artırılmasına kömək etməkdir. Bununla yanaşı hazırda ölkə rəhbərliyinin xüsusi diqqət göstərdiyi xalçaçılıq sənəti üzrə gələcəkdə lazımı kadrların yetişdirilməsinə töhfə verə bilməkdir.
Ekskursiya zamanı məktəblilər ilk olaraq emalatxanadakı şəraiti və iş prosesi ilə tanış olublar. Xalçaçı rəssam Adil Hüseyn oğlu Məmmədov hazırlanmış xalçalar haqqında məlumat verərək onların ərsəyə gəlməsi prossesini izah edib. Məktəblilər əyani olaraq xalça toxumağın sirrlərini birbaşa xalçaçıların özlərindən öyrənib, onlarla birlikdə xalça toxuyublar.
Daha sonra iplərin saxlandığı anbarla tanış olan məktəblilərə bir xalçanın hazırlanması üçün istifadə olunan materialların ümumi keyfiyyəti və saxlanılması haqqında məumat verilib.
Sonda məktəblilər Xalçaçı rəssam Adil Hüseyn oğlu Məmmədov ilə xatirə şəkili çəkdirib.