"Narkomaniyaya Yox Deyək"

Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də narkomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.
Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməmişdir. Doğrudur, bir sıra dünya ölkələri ilə müqayisədə ölkəmizdə narkotizm o qədər geniş yayılmasa da, mövcuddur və ciddi mübarizələrə rəğmən yenə də artmaqdadır.Bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır. Belə ki, narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Ölkəmiz isə öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atmışdır.
Dünya təcrübəsi göstərir ki, narkomaniyanın cəmiyyətdə, xüsusilə gənc nəslin arasında yayılma səbəblərindən biri də narkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında cəmiyyətin məlumatsızlığının olmasıdır. Xüsusilə bu sahədə təbliğatın aşağı səviyyədə aparılması gənclərin bu bəlanın ağuşuna hazır yem kimi atılmasına münbit şərait yaradır. Bu məqsədlə sağlam həyat tərzinin cəmiyyətdə, xüsusilə gənclər arasında təbliği üçün yeniyetmə və gənclər arasında bəşəriyyəti dərindən düşündürən və onu narahat edən ən ciddi problemlərdən biri kimi narkomaniya və onun törətdiyi ağır fəsadlar haqqında düzgün maarifləndirici tədbirlərin intensiv hal alması olduqca zəruridir.
Bu məqsədlə, ölkəmizdə gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi istər ümumi təhsil müəssisələrində istərsə də orta ixtisas və ali təhsil müəssisələrində narkomaniyanın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə silsilə tədbirlər- gənclərə maarifləndirici buklet və broşurlar kimi zəruri təbliğat materiallarının paylanılması, antireklam lövhələrin asılması, məktəblərdə bu mövzuda şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkil olunması, səhnələşdirilmiş tamaşaların nümayiş olunması, bu sahə üzrə ixtisaslı, səlahiyyətli şəxsləri cəlb etməklə gəncləri maraqlandıran suallar ətrafında geniş diskussiyaların aparılması kimi fəaliyyətlər həyata keçirilir.
Məktəbimizin biologiya müəlliməsi Mehdiyeva Zülfiyyə Tims platformasında bu mövzu ilə bağlı VIII c sinif şagirdlərinə maarifləndirici təqdimat dərs keçmişdir.Burada şagirdlər video-roliklər təqdim etmiş, öz fikirlərini bölüşmüşlər.
Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizin mənəvi və intellektual potensialının aşınmasına səbəb olan, genofondumuza sarsıdıcı, ağır və sağalmaz zərbələr vuran bu bəlaya – narkomaniyaya “YOX” deyək. Öz ailəmizi, əzizlərimizi, çevrəmizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq.