Texnologiya dərsi

Müasir dövrdə şagirdlərə texnoloji mədəniyyətin aşılanması böyük əhəmiyyət kəsb edir. Resursların və informasiyaların insanların maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin zəruri tələb kimi irəli sürüldüyü bir vaxtda şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri mühüm vəzifə kimi meydana çıxır. «Texnologiya»nın bir fənn kimi ümumtəhsil məktəblərində tədris olunması, ilk növbədə, bu zərurətdən irəli gəlir və şagirdlərə həyati bacarıqların aşılanması baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin elm və texnikanın sürətlə inkişafı, texnologiyaların durmadan yeniləşməsi də peşə və ixtisaslara tələblərin artmasını zəruri edir.ə «Texnologiya» fənninin tədrisi şagirdlərin emal texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam etdirmələrinə hərtərəfli şərait yaradır. Təlim prosesində şagirdlər texniki fəaliyyət imkanlarını müəyyənləşdirir, problemlərin həlli üçün ideyalar irəli sürür, sadə texnoloji işləri yerinə yetirir və nəticələri qiymətləndirmək imkanı əldə edirlər. Eyni zamanda bu fənnin tədrisi şagirdlərin xarakterinin formalaşdırılmasına, onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır. Bunlarla yanaşı, həmin fənn vasitəsilə şagirdlər ayrı-ayrı xidmət sahələri üzrə məhsuldar əməyə hazırlanır, onların politexnik dünyagörüşü genişlənir və şüurlu peşə seçmələri təmin olunur. Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə şagirdlər həyatda insana lazım olan davranış qaydalarına riayət etmək, ailənin və onun büdcəsinin idarə olunmasında iştirak etmək, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək, sadə təmir-tikinti işlərini yerinə yetirmək və bitkilərə qulluq etmək vərdişləri qazanırlar. Eyni zamanda şagirdlərdə ailə-məişət mədəniyyəti və ənənələri, interyer tərtibatı və dizayn, habelə, ictimai yerlərdə (evdə, nəqliyyatda, məktəbdə, qonaq getdikdə və s.) davranış və ünsiyyət qaydalarına əməl etmək, öz iş və yaşayış yerlərini təşkil etmək bacarıqları formalaşır.
Məktəbimizdə də bu sahədə işlər görülür.Nəzəri öyrəndikləri bilikləri praktik tətbiq etməyi şagirdlərə aşılamaq məqsədi ilə texnologiya dərsində şagirdlər pizza hazırladılar.Pizzanın hazırlanması ilə bərabər şagirdlərə həmçinin mətbəxdə hər kəsin istifadə etməli olduğu sanitar- gigiyenik qaydalar, masanın hazırlanması və süfrə “mədəniyyəti” də öyrədildi.