ŞƏHİD NİCAT XƏLƏFOVUN ANIM GÜNÜ

Məktəb rəhbəriliyi və kollektivi məktəbin məzunu olmuş Şəhid Nicat Xələfovun ikinci il dönümündə iştirak ediblər.
Vətən Müharibəsi başlayandan döyüşlərdə olan Nicat Xələfovun ən böyük arzusu torpaqlarımızı düşməndən azad edib, bayrağımızın həmin torpaqlarda dalğalandığını görmək idi.
Azərbaycan Ordusunun cəsur döyüşçülərindən olan Nicat Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zəfər gününə 2 saat qalmış qəhrəmancasına Şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamla "Cəbrayılın azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, 05.11.2021-ci il Sərəncamla isə, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
İndi Nicat Xələfovun ruhu rahatdır. Çünki ən böyük arzusu həyata keçib – işğaldan azad edilən torpaqlarımızda şanlı bayrağımız dalğalanır.
Şanlı qələbəmizi, yurd-yuva həsrətimizin sona çatmasını Vətən çağırdığı zaman tərəddüd etmədən canını ortaya qoyan şəhidlərimizə borcluyuq.
Şəhidimizin ildönümündə məktəbin direktoru Yasin Quliyev başda olmaqla müəllim və şagird kollektivi iştirak etmiş və Şəhid haqqında ürək sözlərini söyləmişlər.