Milli qəhrəman Elxan Misirxanov yad olunmuşdur

Şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bu, vətənpərvərliyin ən ali məqamıdır. Eyni zamanda Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də Şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər.
Belə qəhrəmanlardan biri də məktəbin adını daşıdığı Milli Qərəman Elxan Misirxanovdur. O, 7 iyun 1973-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Şəhidin yaxınları, eləcə də məktəb rəhbərliyi və şagirdlər bu gün - Milli Qəhrəmanın doğum günündə onun məktəbin girişində ucaldılmış büstünün önünə gül dəstələri qoymuş və yad etmişlər. Zaman ötüb, fəsillər dəyişib, illər əsrlərə, əsrlər minilliklərə çevrilib tarixə dönsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə, bizim hər birimizin borcudur. Bu şərəfli borcu yerinə yetirmək məqsədi ilə daim bir təhsil müəssisəsi olaraq mütəmadi şəkildə şagirdlərin iştirakı ilə anım mərasimləri keçirilir, şəhid ailələri ilə görüşlər və Şəhidlərin məzarlarına ziyarətlər təşkil olunur.