"İnsanlara hüriyyət, millətlərə istiqlal"

Məktəbin İllik Fəaliyyət Planının 1.5.28 bəndinə uyğun olaraq, müstəqil Azərbaycanımızın Azərbaycançılıq ideyalarının təbliği məqsədilə 27.05.2022-ci il tarixdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Seyidbalayeva Şəhlanın rəhbərliyi ilə məktəbin dil-ədəbiyyat müəllimi Tağıyeva Afət, tarix müəllimi Quliyeva Gülnaz və musiqi müəllimi Qurbanova Məryəm tariximizin ən parlaq və şanlı səhifələrindən olan 28 May - Respublika Gününə həsr olunmuş "İnsanlara hüriyyət, millətlərə istiqlal" adlı tədbir hazırlamışlar.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbir daha sonra Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi. Tədbirdə məktəbin müxtəlif yaş qrupuna məxsus şagirdləri cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət kimi yaranması və onun keçdiyi tarixi yol haqqında ətraflı məlumat verdilər. Xalqımızın milli mənlik şüurunu özünə qaytaran, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu göstərən AXC-nin üzərinə götürdüyü çətin vəzifələri özündə əks etdirən videomateriallar nümayiş etdirildi. Şagirdlərin ifasında vətənpərvərlik, azadlıq mövzusunda şeirlər, mahnılar səsləndirildi. Tədbirdə, eləcə də XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin gördüyü qətiyyətli tədbirlər, apardığı uzaqgörən siyasət və bu gün də bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətçiliyimizin qorunub saxlanması yolunda gördüyü işlər vurğulandı.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Sonda çıxış edən məktəbin direktoru Yasin Quliyev "28 May - Respublika Günü" münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu tarixi günün mühüm əhəmiyyətindən danışmış, Azərbaycanın daim var olması uğrunda möhtərəm Prezidentimizin ətrafında birlik nümayiş etdirilməsinin vacibliyini söyləmişdir və tədbirin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.