“eTwinning Plus” layihəsi

Mayın 11-də “eTwinning Plus” layihəsi çərçivəsində Avropa Mükafatı qazanmış müəllimlərin və “eTwinning Azərbaycan” layihəsinin şagirdlər üçün təşkil etdiyi “Mənim böyük ideyam” (My Big Idea) müsabiqəsində qalib olan şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, gələcək nəslin inkişafının bu günün müəllimlərindən asılı olduğunu nəzərə alaraq təhsil sistemində müəllim və şagirdlər üçün belə imkanların yaradılması çox vacibdir. Nazir müavini vurğulayıb ki, bu layihə hər bir təhsilverən üçün beynəlxalq təcrübədən istifadə etmək, fərqli mühitlərdə müasir metodlardan istifadə edərək tədris etmək imkanı yaradır.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri və "eTwinning" üzrə layihə koordinatoru Fidan Nəcəfova öz çıxışında layihənin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə fikirlərini bölüşüb.
eTwinning layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq əlaqələri qurmaq, həmçinin birgə təhsilin inkişafı istiqamətində müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.
Qeyd edək ki, məktəbimizin ingilis dili müəllimi İlahə Quliyeva artıq bu ildən təlimçi(Coach) kimi eTwinning layihəsinin komandasının bir üzvü seçilib. Bu münasibətlə onu təbrik edir və daha böyük nailiyyətlər diləyirik.