"Riyaziyyat gecəsi"

2021-2022-ci tədris ilində məktəbin "Fəaliyyət planı"nın fənn aylıqlarının keçirilməsi ilə bağlı 1.4.5 bəndinə əsasən riyaziyyat müəllimi Zəkiyyə Salmanova 5 e sinif şagirdləri ilə intellektual-əyləncəli tədbir keçirmiş və şagirdlər bir-birindən maraqlı nömrələrlə çıxış edərək sərbəst düşünmək və yaradıcı xüsusiyyətlərini nümayiş etdirmişlər.
Eləcə də fənn aylığı üzrə yekun olaraq riyaziyyat müəllimi, həm də riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Arzu Cəfərova 6 c sinif şagirdlərinin iştirakı ilə "Riyaziyyat gecəsi" keçirmişdir. Riyaziyyatın təbliği, yumoristik bayatılar, şeirlər, düşündürücü məntiqi suallarla zəngin olan gecədə şagirdlər öz bilik, bacarıq və yüksək intellektual səviyyələri ilə seçilmişlər. Eləcə də gecədə fənlərin inteqrasiyasına geniş yer verilmiş, həm də şagirdlər "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" ilə bağlı çıxışlar etmişlər.
"Riyaziyyat gecəsi"ndə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər. Sonda məktəbin direktoru Yasin Quliyev şagirdlərə gözəl çıxışlarına görə uğurlar arzulamış və eləcə də müəllimləri və şagirdləri "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə təbrik etmişdir.