“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihənin açılış mərasimi keçirilmişdir

Bu gün Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə elan etdiyi 1-ci qrant müsabiqəsində qalib gəlmiş “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihənin açılış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədimalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon ictimaiyyəti, 55 və 95 nömrəli orta məktəbin sağlamlıq imkanları məhdud olan şagirdləri iştirak etmişdir. İlk olaraq çıxış edən məktəbin direktoru Kəmalə Şıxlinskaya vurğuladı ki, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı və yaradıcılıq qabiliyyətli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası və onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasıdır. Layihə çərçivəsində ilkin olaraq Əsasnamə tərtib edilmiş və respublika ərazisində yerləşən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqlar üçün ayrılmış xüsusi internat məktəblərinin şagirdləri və məktəb nümayəndəlikləri üçün layihə ilə bağlı bir sıra maarifləndirici görüşlər keçirilmiş, onlara layihənin mahiyyəti haqqında məlumat verilmiş və layihəyə hazırlıq işləri görülmüşdür. Forumun bağlanış mərasiminə qədər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində təlimlər keçiriləcəkdir. Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədimalıyev qeyd etdi ki, hal-hazırda Azərbaycanda mindən çox sağlamlıq imkanları məhdud olan insan var ki, bunların da 1000-ni gənclər təşkil edir. Bu gənclərin uşaqlıqdan qarşılaşdıqları reaksiyalara görə hamıdan qaçaraq özlərini real həyatdan təcrid edərək tənhalığa məhkum etmələri onların sosiallaşmasına böyük əngəllər törədir. Həyata keçirilən bu layihənin də məqsədi xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclərin özlərini cəmiyyətə inteqrasiya etməsini, sosiallaşmasını təmin etməklə özlərini ən fəal və ən aktiv gənclər kimi görmələrini təşkil etməkdir. Çünki onlar da cəmiyyətin bir parçasıdır. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov çıxış etdi. O, öz çıxışında belə bildirdi: "59 nömrəli tam orta məktəbin layihəsi öz orijinallığı və humanist mahiyyəti ilə diqqət çəkir. Azərbaycan dövlətinin sosial siyasətinin də humanistliyə əsaslanması, xüsusi qayğıya ehtiyacı olan insanlara daim dayaq durması layihənin ideyasının ciddi əsaslara söykəndiyini söyləməyə imkan verir. Təhsil Nazirliyinin reallaşdırdığı 1-ci Qrant Müsabiqəsinin əhəmiyyəti ondan ibarətdir ki, təhsil müəssisələrinin həyatı daha da canlanır, səmərəli ideyalar dəstəklənir. Yaxşı təşəbbüslərin dəstəkləndiyinə şahid olan digər məktəblər və müəllimlər də fəallığını və təşəbbüskarlığını artırır. İnanıram ki, bu layihə ideyası hər hansı bir formada ölkəmizin digər məktəblərində də həyata keçirilə bilər. Yeni İdeyanın uğurlu olması layihənin ümumilikdə uğurla reallaşdırılacağına inam yaradır." Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, bu cür yüksək səviyyədə həyata keçirilən layihələr, eyni zamanda xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqların sosial xidmətlərə yönəldilməsi təqdirəlayiqdir. Bu cür xidmətlərin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi, həmin layihələr əsasında əldə edilmiş nəticələrin yüksək səviyyədə dəyərləndirilməsi fiziki qüsurlu istedadlı yeniyetmə və gənclərin cəmiyyətdə nüfuz qazanmasına xeyli yardım edəcək. Digər çıxış edən qonaqlar layihənin mahiyyətini vurğuladılar. Sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı gənclərin cəmiyyətə inteqrasiya edilməsi ilə bağlı görülən işlərin vacibliyindən danışdılar. Daha sonra tədbirin bədii hissəsinə keçildi. Məktəblilər öz bacarıqlarını nümayiş etdirdilər. Onlar Vətənin daima uca tutulması, ananın hər zaman müqəddəs olması, müəllimin yüksək ada layiq olması ilə bağlı dəyərli yazarlarımızın şeirlərini söylədilər, bununla bağlı mahnı ifa etdilər və müxtəlif nağıllardan səhnəciklər göstərdilər. Tədbir çay süfrəsi ətrafında məktəbin yaradıcı kollektivinin ifasının müşayiəti ilə davam etdi. Sonda vurğulandı ki, layihənin bağlanış mərasimində keçiriləcək Forumda layihədə iştirak edən istedadlı yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi təşkil olunacaq və həmin gənclər Fəxri Fərmanla təltif ediləcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi