Mənim kiçik təyyarəm

Mayın 30-da “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 2 iyun – mülki aviasiya işçilərinin peşə bayramına həsr olunmuş “Mənim kiçik təyyarəm” adlı tədbir keçirildi.
Tədbirdə akademiyanın prorektorları Əvəz Xəzərxanov, Şəmsəddin Axundov, “Dil və ictimai fənlər” kafedrasının müdiri Nəriman Həsənzadə, “Şöhrət” ordenli təyyarəçi Əzimbala Əzimov, tələbələr və məktəbimiz xüsusi siniflərində təhsil alan şagirdlər iştirak edirdi.
Muzeyin hazırladığı “Mülki Aviasiya muzeyi uşaqların gözü ilə” adlı fotosərgiyə, həmçinin məktəblilərin muzeyə hədiyyə etdikləri aviasiya mövzusuna həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi. Ənvər Həzərxanov və Firəngiz Hüseynova sərgidə xüsusi əl bacarığı nümayiş etdirən şagirdlərə təşəkkürnamə təqdim etdilər.
Tədbirin sonunda iştirakçılar üçün xüsusi çap edilmiş şarların səmaya buraxılması və kiçik hədiyyələrin təqdim edilməsi uşaqların böyük sevincinə səbəb oldu.