"Uşaq hüquqları və vəzifələri" mövzusunda tədbir

"Uşaq hüquqları və vəzifələri" - Şagirdlər bu haqda nə dərəcədə məlumatlıdırlar? Şagirdləri məlumatlandırmaq, onlara öz hüquqları haqqında məlumat vermək məqsədilə 14.11.2017-ci il tarixdə məktəbin tarix müəllimi Ülviyyə İsmayılova 6a sinif şagirdləri ilə "Dəyirmi masa" keçirdi. Müəllim qeyd etdi ki, uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Çünki uşaqların hər biri dövlətin gələcəyidir. Azərbaycan Respublikasında uşaq hüquqları dövlətimizin nəzarəti altında fəaliyyət göstərir, bütün uşaqlar bərabər hüquqlara malikdir. Bəs uşaqlar öz huquqlarını və onların nə kimi məqsədə xidmət etdiklərini bilirlərmi? Şagirdlər müəllimin bu sualını düzgün və ətraflı şəkildə cavablandıra bildilər. Onlar nəinki öz hüquqlarını, həmçinin hansı vəzifələrinin olduğunu da bildirdilər. Xanım, Xədicə, Ləman, Seymur, Emil və digərləri bu mövzuda onlara ünvanlanan suallara dolğun və ətraflı cavab verdilər. Uşaqların yaşamaq və inkişaf etmək, sağlamlıq, təhsil, ad və vətəndaşlıq almaq, vicdan, fikir və söz azadlığı, mənzil və digər hüquqlarının olduğunu deyən altıncılar onun əsas vəzifələrini də sadaladılar. Şagirdlər uşağın cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə hörmətlə yanaşmaq və digər vəzifələrindən söz açdılar. Ülviyyə İsmayılova bu mövzuda hazırladığı təqdimatla çıxış etdi. 
Sonra məktəbin akt zalında "Uşaq hüquqları və vəzifələri" mövzusunda tədbir keçirildi. Tədbiri tarix müəllimi Elnarə Rüstəmova hazırlamışdı. Əvvəlcə şagirdlər bu mövzuda maraqlı videoçarx izlədilər. Sonra uşaqların təhsildən yayınması, məcburi əməyə cəlb edilməsi, onlara qarşı zorakılıq kimi uşaqların hüquqlarının pozulması halları 6a və 7b sinif şagirdləri tərəfindən hazırlanan səhnəciklərlə canlandırıldı. Sonda şagirdlər dünyada və Azərbaycanda uşaq hüquqlarının qorunmasına dair qəbul olunmuş sənədlər və qərarlar haqqında təqdimatlarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi