İlk dərslər Xocalı soyqırımına həsr edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr edilib.

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunan dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və onlara Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər.

Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib və hazırladıqları fotostendləri, guşələri nümayiş etdiriblər.

Qeyd edək ki, Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagirdlərinin soyqırım şahidləri ilə görüşləri və  “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM