Region məktəblərində istedadlı şagirdlərin seçilməsi layihəsinin təntənəli bağlanış mərasimi təşkil edildi

30.01.2019-cu il tarixdə "Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi" çərçivəsində qalib olmuş "Region məktəblərində istedadlı şagirdlərin seçilməsi" layihəsinin təntənəli bağlanış mərasimi təşkil edildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin İstedadlı gənclərlə iş sektorunun müdiri Fuad Qarayev, Tərəqqi liseyinin direktoru, pedaqoqika elmləri doktoru, professor Nasim Abışov, Bakı şəhəri 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev, Bakı şəhəri 31 nömrəli tam orta məktəbin direktoru Kərim Abidi, Bakı şəhəri 228 nömrəli tam orta məktəbin direktoru Rəşad Alcanov, müəllim,valideyn heyəti və layihə çərçivəsində təlimlərə qatılmış şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Bakı şəhəri 319 nömrəli tam orta məktəbin direktoru və layihə rəhbəri Nəriman Mürsəliyev tədbir iştirakçılarını salamladıqdan sonra, dörd ay davam edən layihə barədə ümumi məlumat verdi. Bildirildi ki, Azərbaycan Republikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən bu layihələr region məktəblərində xüsusi önəmə, çəkiyə malikdir. Qaradağ rayonu ərazi baxımından Bakı şəhərinin 51%-ni təşkil etdiyinə görə, məsafə baxımından rayon məktəbləri bir-birinə digər rayonlarla müqaisədə bir qədər uzaqda yerləşir. Layihə sayəsində Qaradağ rayonunda yerləşən 25 məktəbdən 8-nin 5-ci və 6-cı sinif şagirdləri 4 ay müddətində birlikdə təlim keçdilər. Bu dövr ərzində onlar təlim almaqla yanaşı möhkəm dostluq əlaqələri də qurdular. Bütün bu müsbət səbəblərə görə layihə rəhbəri əlaqədar quruma, qurumun müvafiq şöbələrinin əməkdaşlarına, layihəyə biganə qalmayan valideyn və şagirdlərə minnətdarlığını bildirdi. Sonra Təhsil Nazirliyinin rəsmisi Fuad Qarayev, layihənin eksperti Nasim Abışov, layihənin təlimçisi Cəmilə Əkbərova layihə iştirakçılarını salamladılar, onlara uğurlar arzu etdilər. Fuad müəllim şagirdlərə öz dəyərli tövsiyə və məsləhətlərini verdi. Nasim müəllim 319 nömrəli tam orta məktəbin son dövrlərdəki nailiyyətlərindən danışdı, məktəb direktoruna, pedaqoji heyətə uğurlar arzuladı.Layihə iştirakçılarının hər birinə sertifikatlar, qaliblərə Fəxri Fərmanlar və hədiyyələr təqdim olundu.Valideynlər, şagirdlər Təhsil Nazirliyinə, layihə rəhbərinə, layihənin ekspertinə təşəkkür etdilər. Layihə ərzində (20 nəfər şagird tutumlu olsa da 26 nəfər cəlb edilmişdi) onlara təlim keçmiş Cəmilə Əkbərovaya xüsusi təşəkkür etdilər, onun zəhmətini heç zaman unutmayacaqlarını söylədilər.Biz də öz növbəmizdə layihəmizə etimad göstərən Təhsil Nazirliyinə, müvafiq şöbənin əməkdaşlarına, bu layihəni rayonumuza qazandıran layihə rəhbərinə, bir sözlə layihə dövründə zəhməti keçən hər bir kəsə minnətdarlığımızı bildiririk. İnanırıq ki, layihə iştirakçıları gələcəkdə təhsil aldıqları məktəbləri müxtəlif bilik yarışlarında uğurla təmsil edəcəklər.