Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evinin açılış mərasimi keçirildi

Martın 15-də Sabunçu rayonunun Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evinin açılış mərasimi oldu.Mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, 295 nömrəli tam orta məktəbin direktoru, deputat Dilarə Cəbrayılova, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Nardaran qəsəbə Rəhiməxanım pirinin axundu Hacı Musa Rza, Fondun əməkdaşları, Nardaran qəsəbə rəsmiləri, yerli ziyalılar və məktəblilər iştirak etdilər.İlk öncə ümummilli lider Heydər Əliyevin həyat yolunu əks etdirən fotoguşə ilə tanışlıqla başlayan mərasimdə Milli Məclisin deputatı Dilarə Cəbrayılova Nardaran Bilik Evinin fəaliyyət proqramı haqqında tədbir iştirakçılarına məlumat verdi.Nardaranda Bilik Evinin yaradılmasını dövlətin yerli əhaliyə diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirən akademik Kamal Abdullayev bu ocaqda gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, müxtəlif kursların təşkil olunacağını, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçiriləcəyini, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də aşılanacağını vurğuladı. Azərbaycanda tolerantlığın və multikulturalizmin tarixi köklərindən bəhs edən Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında da iştirakçılara geniş məlumat verib, azərbaycançılıq ideologiyasından söhbət açaraq hər bir gəncin, yeniyetmənin ölkəmizin ümumi inkişaf prosesində danılmaz rolu olduğunu qeyd etdi.Kamal Abdullayev yerli ictimaiyyət nümayəndələrinin və məktəblilərin ona ünvanladığı sualları da cavablandırdı.Son illərdə Azərbaycan Prezidentinin göstərişi ilə Nardaranda abadlıq işlərinin sürətlə inkişaf etdiyini deyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bilik Evinin yaradılması münasibətilə Nardaran gənclərini təbrik etdi. “Multikulturalizm ili”ndə qarşıda duran vəzifələrdən bəhs edən icra başçısı əhalinin maariflənməsində Nardaran Bilik Evinin böyük rol oynayacağına əminliyini bildirdi.Tədbir Nardaran məktəblilərinin hazırladığı bədii-musiqili proqramla davam etdirildi. Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” əsərinin motivləri əsasında səhnəcik göstərildi, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından parçalar səsləndirildi, ikinci sinif şagirdlərinin ifasında rəqs nümayiş etdirildi.Sonda tədbir iştirakçıları Novruz tonqalı ətrafında yallı getdilər.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, yerlərdə əhalinin maarifləndirilməsi işinin daha da gücləndirilməsi üçün Bilik evləri yaradır. Artıq Oğuz və Qax rayonlarında Bilik evləri fəaliyyət göstərir. Yaxın gələcəkdə Gəncədə, İsmayıllıda və Astarada da belə evlərinin açılması nəzərdə tutulur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi