Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

295 nömrəli tam orta məktəbdə 12 oktyabr 2015-ci ildə“Beynəlxalq qızlar günü” münasibətilə geniş tədbir keçirildi. Görkəmli dramaturqumuz Hüseyin Cavidin aşağıdakı misraları tədbirin ana xəttini təşkil edirdi:- Qadın gülərsə şu issız mühitimiz güləcək,Sürüklənən bəşəriyyət qadınla yüksələcək.Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, valideynlər, məktəbin 8-11-ci siniflərində oxuyan qızlar iştirak edirdilər. Tədbiri məktəbin direktoru Dilarə Cəbrayılova açaraq Azərbaycan Prezidenti İlham Əliyevin son illər təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətinin yüksəldilməsi yönündə aparılan islahatlardan danışdı. Məktəbin əldə etdiyi uğurlara toxunan direktor bildirdi ki, ötən dərs ilində təhsil ocağını bitirən məzunlardan 77 faizi müxtəlif ali məktəblərə qəbul olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirdi ki, başqa xalqlarda olduğu kimi, Azərbaycanda da bəzi kənd məktəblərində qızların orta təhsildən yayınması, erkən nikah halları mövcuddur. Bizim vəzifəmiz belə halların qarşısını almaq üçün maarifləndirici tədbirləri gücləndirmək, yerlərdə əhali ilə mütəmadi iş aparmaqdır. O, çıxışının sonunda şagirdlərə, onların valideynlərinə öz arzu və istəklərini, tövsiyələrini çatdırdı.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva da iştirak edirdilər. Məktəbin şagirdləri çıxışlarında ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınının cəmiyyətdəki mövqeyini həmişə yüksək qiymətləndirdiyini bildirdilər. Vurğulandı ki, Azərbaycan qızının, qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. Qadın dünyaya yeni nəsillər gətirir, onu böyüdür və tərbiyə edir.Məktəblilər qeyd etdilər ki, klassik Azərbaycan ədiblərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və başqaları əsərlərində qadın azadlığı, qızların təhsili, onların erkən nikaha sürüklənməsi, sosial hüquqlarının pozulmasını əks etdirən mövzulara toxunublar. Məktəbin şagirdi Məsumə Əliyeva C.Cabbarlının “Ana” şerini söylədi. Mədinə Babazadə, Aytac Əhmədzadə və İlham Nuriyev N.Gəncəvinin “İsgəndərnamə” əsərindən İsgəndərlə Nüşabənin qarşılaşdığı səhnəni təqdim etdilər. Asiman Mirzəyeva və Məsumə Əliyeva N.Gəncəvinin “Leyli və Məcnun” poemasından anasının qızına nəsihətini söylədilər. X sinif şagirdi Kənan Dadaşov, IX sinif şagirdi Nərminə Bağırzadə və VIII sinif şagirdi Səbinə Hacılı C.Məmmədquluzadənin “Ölülər” əsərindən kiçik səhnəcik nümayiş etdirdilər. Rəhiməxanım Balağazadə isə M.Ə.Sabirin “Qoyma gəldi” şeirini xüsusi məharətlə ifa etdi. Bədii hissənin sonunda slayd təqdim edildi. Slaydda qızlarımızın fədakarlığı, müharibə zamanı istər ön cəbhədə, istərsə də arxa cəbhədə göstərdikləri şücaətlər nümayiş etdirildi. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti gənc qızlara örnək kimi təqdim edildi.Sonda çıxış edənlər bir daha valideynləri qızlarına dəstək olmağa, onları təhsilə, elmə həvəsləndirməyə, erkən nikahdan uzaq olmağa səslədilər.Tədbirə məktəbin direktoru D.Cəbrayılova yekun vuraraq gələn qonaqlara minnətdarlıq etdi, təşkilatçılara, şagirdlərə və valideynlərə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi