"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici dərs keçirildi
Reproduktiv sağlamlıq –fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Yəni hər bir gənc ailədə qadın istədiyi sayda uşaq dünyaya gətirə bilər. İnsan təbiətinin məhsuludur. İnsan təkmilləşdikcə inkişaf edir, sağlamlığı, ilk növbədə, reproduktivliyi, nəsil artırmaq qabiliyyəti yaxşılaşır və formalaşır. Bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyat boyu qorunub-saxlanır. Reproduktiv sağlamlıq həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə ailə üçün böyük əhəmiyyət kəsb edərək, cəmiyyət və millətin sosial-iqtisadi inkişafının səviyyəsini xarakterizə edir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə yeniyetmələr sanitar, gigiyenik qaydalara əməl etmək, həyatın bütün nemətlərindən şüurlu surətdə bəhrələnmək, hər cür zərərli vərdişlərdən uzaqlaşmağı öyrənirlər. Gənclər, beləliklə, reproduktiv sağlamlığın qorunması yollarını mənimsəyir, həm öz sağlamlıqları, həm də gələcək nəslin sağlamlığı üçün məsulliyyəti öz üzərinə götürmək bacarıqlarına yiyələnirlər.
Reproduktiv sağlamlığa mənfi təsir göstərən amillər aşağıdakılardır:
1) Cinsi həyatın vaxtından erkən başlaması;
2) Xəstəliklərin böyük əksəriyyətinin cinsi yolla yoluxması;
3) Gənclərin alkoqol və siqaretdən istifadə etməsi.
İnsanın reproduktiv sağlamlığı cəmiyyətlə sıx bağlıdır. Burdan belə bir sual yaranır. Nə etmək lazımdır ki, gələcək nəsil sağlam doğulsun və həyata sağlam uşaqlar gətirsin? Bu göstəriciləri diqqətlə yerinə yetirsək, burda mümkün olmayan bir şey yoxdur.
1) Cinsi həyata atılan gənc, ilk növbədə, özünü arzuolunmaz hamiləlikdən necə qorumağı bilməlidir.
2) Müasir kontraseptivlərdən istifadəni bacarmalıdır.
3) Cinsi orqanların bütün xəstəliklərinin müalicəsi və profilaktikası ilə vaxtında məşğul olmalıdır.
4) Cinsi yolla keçən infeksiyaların müalicəsini bilməlidir.
5) Sağlam həyat tərzi keçirməlidir.
6) Şəxsi gigiyenik qaydalara daima əməl etməlidir (bu nəinki qadınlara, həmçinin kişilərə də aiddir.)
7) Öz immunitetini gücləndirməlidir.
8) Çalışıb düzgün qidalanma qaydalarına əməl etməlidir. Zərərli qidadan uzaq olmalıdır.
Vitamin A, E, C, fol turşusu, yod reproduktiv sistem üçün gərəkli olan vitaminlərdir.
Hazırkı dövrdə ailənin reproduktiv sağlamlığına mənfi təsir göstərən xəstəliklər böyük bir siyahı təşkil edir.
● İnfeksiyon xəstəliklər (suçiçəyi, qulaqdibi (svinka) );
● Somatik xəstəliklər (qan-damar sistemi xəstəlikləri, böyrək, qaraciyər xəstəlikləri, şəkərli diabet)
● Anadangəlmə genetik xəstəliklər
● Bəzi preparatların qəbulu:
a) Kortikosteroidlər
b) Antidepressantlar
c) Trankvilizatorlar
d) Neyroleptiklər
e) Qıcolma əleyhinə preparatlar
Reproduktiv sistemə bilavasitə təsir göstərən böyük sayda xarici faktorlar vardır ki, bunlar aşağıdakılardır:
1. Stres (yorğunluq, xroniki yuxusuzluq, nevrozlar);
2. Zərərli vərdişlər;
3. Travmalar;
4. Yüksək temperaturun təsiri (buna görə məhz oğlan uşaqlarına bezi uzunmüddətli geyindirmək məsləhət görülmür);
5. Düzgün qidalanma;
6. Genetik və ankoloji xəstəliklər.
Hazırkı şəraitdə reproduktiv sağlamlığın qorunması və mühafizəsi aktual problemlərdən biridir. Bir ailə həkimi olaraq, bu mövzuda bizim də üzərimizə az məsuliyyət düşmür.