Şəhid Xəlilov Hüseynin şəhadətindən 2 il keçir.
Şəhid Xəlilov Hüseynin şəhadətindən 2 il keçir.
Hüseyn Xəlilov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Xəlilovun döyüşlərdə olduğu zaman çəkilmiş şəkli sosial şəbəkələrdə paylaşılmışdı. Hüseyn Xəlilov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralanmışdır. Gəncədə və Bakıda yerləşən xəstəxanada koma vəziyyətində saxlanmışdır. 25 aprel 2021-ci ildə koma vəziyyəti zamanı müalicə aldığı xəstəxanada həlak olmuşdur. Nardaran qəsəbəsində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Xəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.